Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq
“Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək"
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq. Bunu ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri xanım Dayqa Mierina deyib. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Seyminin sədri xatırladıb ki, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bir vaxta təsadüf edir. Mayın 19-da Qarabağa səfər etdiyini diqqətə çatdıran Mierina Şuşa və Füzuli rayonları ilə yaxından tanış olduğunu deyib: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək. Latviya şirkətləri Şuşada aparılan bərpa-quruculuq işlərində iştirak edə bilərlər". O, mayın 21-də bir sıra mühüm tədbirdə və sərgidə iştirak edəcəyini də diqqətə çatdırıb.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib. Ekspertin sözlərinə görə, Latviya Seyminin sədri Daiga Mierinanın Azərbaycana səfərinə Fuzuli və Şuşadan başlaması təqdir olunmalıdır:
"Azərbaycana təşrif buyuran qonaqlar adətən Bakı görüşlərini yekunlaşdırdıqdan sonra Qarabağa gedirlər. Latviyalı qonaq fərqli yol seçib. “Azərbaycana səfər çərçivəsində Qarabağda quruculuq işləri ilə tanış olduq. Bu kimi səfərlərin təşkili Azərbaycan həqiqətlərinin daha çox bilinməsinə şərait yaradır” deyən Latviya parlamentinin Sədri iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirib. Qarabağa səfərində Latviya parlamentinin Sədrini müşayiət edən Milli Məclisin sədr müavini Adil Əliyev qonaqlara bölgə haqqında kifayət qədər məlumat verib. Latviya parlamentinin Sədri Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını bildirdi. Bu proses genişlənib. Qarabağda quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin sayı artıb. Qarabağda əlini daşın altına qoymaq istəyən dövlətlər bu yolla Azərbaycanla tərəfdaşlıq əlaqələrini gücləndirmiş olurlar".
E.Şahinoğlu bəyan edib ki, Latviya Baltik ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas ölkədir:
"Doğrudur, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar. Digər tərəfdən, Latviya parlamentinin 2021-ci ildə “erməni soyqırımını” tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb. Buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyib. Məsələn, iki il əvvəl Litva və Estoniya Xarici işlər nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama yayımladılar. Latviya bu iki qonşusuna qoşulmadı. Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkindirməlidir. Latviya parlamentinin Sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini dəstəkləyibsə, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Fransanın getdiyi yol digərlərinə də dərs olmalıdır. Fransa Ermənistan üzərindən anti-Azərbaycan siyasəti ilə Cənubi Qafqazda möhkəmlənmək istədi. Alınmadı. Fransa itirdi. Bu mənada Litva və Estoniya iki seçimdən birinə üstünlük verməlidir. Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq, Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək".