Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır.
Azərbaycan-Tacikistan əlaqələrini “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, iki ölkə Prezidenti bütün məsələləri ətraflı müzarikə edir və konkret qərarlar çıxarırlar:
“Azərbaycan-Tacikistan əlaqələri artan templə davam edir. Tacikistan Mərkəzi Asiyanın yeganə ölkəsidir ki, türkdilli xalq deyil. Azərbaycanın Tacikistanla münasibətlər qurması daha geniş coğrafiyanı əhatə edən format yaradır. Türkdilli ölkələr və Tacikistan formatı müəyyən dərəcədə formalaşır. Bu isə ölkələr və xalqlar arasında tarixi bağlılığın çox olmasından xəbər verir. Həmin münasibətlər isə yeni reallıqlar fonunda çoxtərəfli müstəvidə inkişaf edəcək. Həmin əlaqələrin formalaşması Azərbaycan və Tacikistanın xeyrinə olacaq”.