Seulda üçtərəfli formatdakı görüş öz aktuallığı ilə seçilir -POLİTOLOQ

Mayın 26-27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli görüşü olacaq.

Bu barədə Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo açıqlama verib. Üçtərəfli görüşdən başqa Cənubi Koreya Prezidentinin Çinin və Yaponiyanın baş nazirləri ilə ikitərəfli görüşləri də baş tutacaq. Bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısı olacaq.

Kim Te-hyo bildirib ki, üçtərəfli görüşdə iqtisadi-ticari, davamlı inkişaf, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə olunacaq. Regional və beynəlxalq məsələlər də gündəmdə olacaq. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Görüşün ikinci günü hər 3 ölkənin iş adamlarının iştirakı ilə biznes forum da təşkil olunacaq.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Cənubi Koreya, Yaponiya və Çin dünya siyasətində mühüm dövlətlərdəndir:

"Bu baxımdan Seulda keçiriləcək üçtərəfli formatdakı görüş öz aktuallığı ilə seçilir. Biz bilirik ki, Yaponiya və Cənubi Koreya ABŞ-nin müttəfiqidir. Lakin hazırda ABŞ və Çin arasında həm siyasi, həm də iqtisadi rəqabət gedir. ABŞ hətta Donald Trampın prezidentliyi dövründə Çin ilə ticarət müharibəsi aparırdı. Hazırda Uzaq Şərq ölkələri arasında gərginlik hökm sürür. Cənubi Koreyanın Şimali Koreya ilə, Yaponiyanın Rusiya ilə anlaşmazlıqları var.  Hesab edirəm ki, görüşdə məhz bu cür spesifik problemlər masaya yatırılacaq və onlardan çıxış yolları axtarılacaq".