İki ölkənin münasibətlərinin yaxın günlərdə normala dönəcəyini söyləmək üçün heç bir əsas yoxdur
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Rusiyalı politoloq Yevgeni Mixaylov deyib ki, Moskva bəzi ciddi diplomatik qərarlara hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin geri çağırılması ilk növbədə İrəvanda cərəyan edən hadisələrlə, Paşinyanın faktiki olaraq üstüörtülü şəkildə iki KTMT ölkəsini müharibəyə hazırlığında Azərbaycana kömək etməkdə ittiham edən bəyanatları ilə bağlıdır: "Təbii ki, burada məsləhətləşmələr üçün məqam var. İstənilən halda belə hərəkətlər erməni tərəfini sevindirməməlidir".
Politoloq İlqar Vəlizadə deyib ki, adətən bir dövlət problem yaşadığı ölkədən öz səfirini geri çağırır. Analitik vurğulayıb ki, səfirin geri çağırılması onu göstərir ki, həmin ölkənin hərəkətlərindən narazıdır:
"Rusiya Ermənistanla ikitərəfli münasibətlərdən narahatdır və ona görə də səfiri geri çağırır ki, mövcud vəziyyətin dəyişdirilməsi ilə bağlı ona müəyyən təlimatlar versin. Moskva-İrəvan münasibətləri gərgindir. ABŞ və Avropa İttifaqı ilə Ermənistanın əlaqələri, əməkdaşlığı sıxlaşıb. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin müavini Devid Koen İrəvanda səfərdə olub. Təhlükəsizliyə cavabdeh digər şəxslər də Ermənistana vaxtaşırı səfər ediblər, müzakirələr aparıblar. Moskvanın səfiri geri çağırmaqla bağlı qərarı bunlarla bağlı ola bilər. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Amma iki ölkənin münasibətlərinin yaxın günlərdə normala dönəcəyini söyləmək üçün heç bir əsas yoxdur".