Fransanın daxili işlər naziri Jerar Darmanan “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Darman ölkəmizə qarşı çıxışı zamanı Azərbaycanı "diktatura" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi fransalı nazirin ittihamlarını cavabsız qoymayıb. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq. XİN rəsmisinin sözlərinə görə, Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta "Le Point" və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib: "Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir. Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamafobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı".
Qeyd edək ki, mayın 23-də Yeni Kaledoniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron asayişi qorumaq üçün adada 3 min polis, xüsusi jandarma dəstəsindən 130 nəfər, zirehli texnika və helikopterin qalacağını bildirib. Makronun tapşırığına əsasən, Numea Beynəlxalq Hava Limanı da mayın 28-dək bağlı qalacaq. Yeni Kaledoniyada ölənlərin sayı 7 nəfərə çatıb. Qeyri-rəsmi mənbələrdən isə bildirilib ki, ölənlərin sayı 30-u keçib.
Millət vəkili Elman Nəsirli "Sherg.az"a açıqlamasında bildirib ki, Emmanuel Makronun ikinci prezidentlik dövründəki davranışları göstərdi ki, fransız prezident təpədən-dırnağa qədər erməni lobbisinin və diasporanın əlində alətə çevrilib. Deputat deyib ki, Makron yatmazdan öncə Fransanın deyil, Ermənistanın maraqlarını düşünür, hətta yuxusuna da ermənilər, revanşistlər girir:
"Makron bütün diplomatik etiket qaydalarını pozaraq Azərbaycana qarşı siyasətini açıq şəkildə həyata keçirir. Bu, biabırçılıqdır. İnanın ki, Fransada beşinci respublikanı yaradan Şarl de Qol dirilib görsəydi ki, onun qurduğu dövləti kim və necə idarə edir, yenidən əbədi dünyasına qayıdardı. Makron ilə yanaşı, Fransada yaşamaq istəməzdi. Fransanın anti-Azərbaycan siyasətinin yaxınlarda növbəti təzahürünü gördük. Makron yeni təyin etdiyi daxili işlər naziri Jerar Darman Azərbaycana qarşı həqarətli ifadələr işlətdi. Ölkəmizi Ermənistana "təcavüzdə" ittiham etdi. Bunların hamısı Makronun tapşırığı ilə atılan addımlardır. Biz Fransanın daxili işinə qarışmırıq. Fransa özü dünyada hər yerə burnunu soxur. Dənizaşırı ölkələrdə xalqların azadlıq mübarizəsini qan içində boğan da məhz Fransadır. Yeni Kaledoniya kanak xalqı müstəqillik uğrunda, öz haqları uğrunda ayağa qalxıblar, Paris hökumətinə etirazlarını bildirirlər. Onları gülləbaran edən fransız əsgəri, polisidir və bunu da Makronun əmri əsasında həyata keçirirlər. Belə olan vəziyyətdə Azərbaycan haqq-ədalətin, beynəlxalq hüququn yanında yer alır, öz etiraz səsini ucaldır. Hüquqları pozulan bütün məzlum millətlərin yanındayıq, onların dəstəkləyirik. Bu, bizim dövlət siyasətimizin tərkib hissəsidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edib. QH-yə üzv ölkələrin mütləq əksəriyyəti müstəmləkəçiliyin nə olduğunu çox gözəl bilirlər".
Parlament üzvü vurğulayıb ki, 28 May - Dövlət Müstəqiliyi Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın bir çox liderlərindən, dövlət başçılarından təbrik məktubları almaqdadır: "ABŞ, Çin, Rusiya, Böyük Britaniya, qardaş Türkiyə liderləri dövlət başçısına məktub ünvanlayırlar, əməkdaşlıqla maraqlı olduqlarını dilə gətirirlər. Bütün qitələrdən təbrik məktubları gəlməkdədir. Ancaq Fransadan, Makrondan məktub gəlməyib. Heç Makronun təbriki də bizə lazım deyil. Beynəlxalq hüququ pozan, Afrikada, dənizaşırı ölkələrdə aparılan azadlıq mübarizəsini qan içində boğan siyasi rejimdən başqa bir davranış gözləmirik. Aparıcı dünya dövləti Azərbaycanın gücünü, inkişafını görür, qiymətləndirir. Dövlət başçısı cənab İlham Əliyevi müzəffər lider kimi qəbul edirlər və böyük ehtiram göstərirlər".