Əfv fərmanı həm də hələlik məhbus həyatını yaşayanların tərbiyəsinə təsir göstərir
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 63 nəfər azad edilir. Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib. Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilsin. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.
Dövlət başçısının Sərəncamını dəyərləndirən millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin siyasi kursu humanizm prinsiplərinə əsaslanıb. Deputat vurğulayıb ki, Prezidentin rəhbərliyi dövründə on minlərlə insan əfv olunaraq məhkumluq cəzasından azad edilib, cəzaları azaldılıb, cərimələri ləğv olunub:
"Həmçinin qanunları pozaraq məsuliyyətə cəlb olunmuş şəxslər üçün özlərini azadlıqda doğrultmaq üçün şans verilib. 28 may - Dövlət Müstəqillik Günü münasibətilə imzalanan Əfv Sərəncamı 154 nəfərə şamil olundu. Bu Sərəncam birbaşa 154 nəfərin cəzasının yüngülləşməsinə və ya azadlığa çıxmasına xidmət etsə də, dolayı yolla yüzlərlə şəxsin, əfv olunmuş insanların doğmalarının, yaxınlarının hədsiz sevincinə səbəb olub. Dövlət başçısı bu cür sərəncamlar imzalamaqla ehtiyatsızlıqdan cinayət törətmiş və bəlli cəzaya məhkum olunmuş şəxsləri yenidən normal həyata, cəmiyyətə qaytarır. Azad olunmuş keçmiş məhbuslar öz ailələrinə qovuşaraq ölkə vətəndaşı kimi qurub-yaratmaq imkanına malik olurlar".
Parlamentari bəyan edib ki, dövlət başçısı imzaladığı sərəncamlarla hər bir vətəndaşın prezidenti olduğunu təsdiqləyir: "Prezidentin humanizm siyasətindən həbsxanalarda cəzasını çəkən əcnəbi vətəndaşlar da yararlanırlar. Əfv sərəncamı ilə 8 əcnəbi şəxs cəzasının çəkməmiş hissəsindən azad olunub. Bu həm də, əcnəbi vətəndaşlarda da Azərbaycan dövlətinin humanistliyi haqqında fikir formalaşdırır. Əlbəttə, ölkəmizdə hüquqi dövlət qurulub və hamı qanun qarşısında bərabərdir. Ona görə də cinayət törətmiş şəxslər cəzalandırılır. Amma cəzasının müəyyən hissəsini çəkəndən sonra cəmiyyət üçün təhlükəli olmayan və ağır cəzalar törətməmiş şəxslərə real həyata qayıtma imkanının verilməsi həm də həbsxanalarda məhkumluq həyatına davam edənlər üçün əxlaq dərsidir. Çünki onlar da qarşıdan gələn əfv proseslərində yer almaq üçün məhkumluq həyatında nümunəvi olmağa çalışacaqlar. Yəni dövlət başçısının Sərəncamı adı konkret siyahıda yer alanlara şamil olunmaqla yanaşı, həm də hələlik məhbus həyatını yaşayanların tərbiyəsinə təsir göstərir".