Baş nazirin devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyalarının ikinci mərhələsi başlayıb. İtaətsizlik aksiyasına qarşı hüquq-mühafizə orqanı əməkdaşları ciddi tədbirlər görüblər. Erməni polisi aksiya iştirakçılarından 300-ə yaxınını saxlayıb. Saxlanılanlar arasında general-mayor İqor Xaçaturov, “Ermənistan” fraksiyasının deputatları Artur Sarkisyan, Aşot Simonyan və müğənni Arsen Qriqoryan da olub. Erməni bloger İşxan Verdyan deyib ki, Baqrat Qalstanyanın arxasında Robert Koçaryanın başçılıq etdiyi keçmiş "Qarabağ klanı" dayanır. Ekspertin sözlərinə görə, Koçaryanın arxasında kimin dayandığını isə onun dəfələrlə Ermənistanın müstəqilliyinə qarşı etdiyi çıxışlardan anlamaq mümkündür: "O həmişə Ermənistanı Rusiya ilə ittifaq dövlətinin tərkibində görmək istəyib". Verdyan inqilaba cəmiyyət arasında ictimai tələbin olmadığını, etirazçıların heç nə əldə edə bilməyəcəklərini vurğulayıb: “Bu dəfə Koçaryan əlində olan bütün qüvvələri səfərbər edib, öz adını və nüfuzunu heçə sayaraq döyüşə girdi. Ermənistanın demək olar ki, bütün siyasi, mədəni və dini elitası Nikol Paşinyanın devrilməsi işinə cəlb olundu. Onlar hətta Paşinyanın hakimiyyətini saxlayacağı və uğursuzluğa düçar olacaqları variantı belə fikirləşmirlər. Əlbəttə ki, bu qüvvələr məğlubiyyətə uğrayacaqlar. Çünki inqilab yalnız aktivistlərə söykənə bilməz. Bunun üçün xalqın istəyi olmalıdır. Xalq isə Qarabağ klanının hakimiyyətə gəlməsinə imkan verməyəcək, bundan söhbət gedə bilməz. Ona görə də ölkədə siyasi dəyişikliklərə nail ola bilməyəcəklər”. Bloger Paşinyan hökumətini qəti addımlar atmağa çağırıb: “Tədbir görülməsə, sülh müqaviləsi imzalanandan sonra da etiraz edəcəklər. Üstəlik, onlar sülh müqaviləsi imzalanandan sonra xeyli radikallaşaraq öz hərəkətlərini bu və ya digər şəkildə azərbaycanlılara qarşı yönəldə bilərlər. Bu, hadisələrin çox təhlükəli inkişafıdır, ona görə də Nikol Paşinyan hökuməti fəal hərəkət etməlidir”. Erməni analitik Qalust Qriqoryan da deyib ki, müxalifət insanların yaddaşının zəif olduğunu, reallığı dərk etmək səviyyəsinin aşağı olduğunu düşünürlər. Əks halda Robert Koçaryan və Serj Sarkisyan heç vaxt açıq şəkildə və ya mümkün qədər gizli şəkildə böyük siyasətə qayıtmağa cəhd etməzdi.
Ermənistandakı prosesləri "Sherg.az"a dəyərləndirən politoloq Turan Rzayev deyib ki, diqqətçəkən məqam aksiya iştirakçılarının sayının çoxluğudur. Ekspertin sözlərinə görə, aksiyaların genişmiqyaslı olmasının digər səbəbi də Baqrat Qalstanyanın bir müddət öncə Tavuşa qayıtmasıdır:
"O burada müxalifət nümayəndələri ilə bir araya gəlib danışıqlar apardı, növbəti aksiyalarda onların da dəstəyini aldı. Yəni hazırkı aksiyalarda “Vətən naminə Tavuş” hərəkatı deyil, həm də digər müxalif partiya tərəfdarları iştirak edir. Aydın məsələdir ki, Ermənistandakı aksiyaların motivi dəyişib. Yəni keşiş Qalstanyanı nə Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana verilməsi, nə də Ermənistandakı sosial-iqtisadi problemlər narahat edir. Birincisi, kilsə proseslərə açıq şəkildə dəstək verir və bu, aksiyaların miqyasını artırır. B.Qalstanyanın dini fiqur olması ətrafında inanclı şəxslərin toplanmasına gətirib çıxarır. Bu, aksiyaların müəyyən mənada dini motiv aldığını deməyə əsas verir. İkincisi, B.Qalstanyan həm də xaricdən dəstək alır. Xüsusilə proseslərin pərdəarxasında Rusiyanın olması versiyası daha inandırıcıdır. Çünki B.Qalstanyanın Tavuş səfərində görüşdüyü müxalifət nümayəndələri də məhz Rusiyaya bağlı şəxslərdir. Kreml indiki məqamda qərbmeyilli Paşinyanın yerində Qalstanyanı görmək istəyə bilər. Üçüncüsü, Qalstanyan Rusiyanın, kilsənin və xalqın dəstəyinin fərqindədir. Buna görə də artıq Ermənistan baş nazirliyinə iddiası olduğunu gizlətmir. Hətta baş nazir kimi xarici ölkə nümayəndələri ilə görüşür, bəyanatlar verir".
Analitikin fikrincə, Ermənsitanda baş verən proseslər 2018-ci il hadisələrini çox xatırladır: "Həmin vaxt heç kəs Nikol Paşinyanın hakimiyyəti ələ ala biləcəyini düşünmürdü. Bu mənada B.Qalstanyanın Paşinyanı devirib, hakimiyyətə gəlməsi riskləri var. Qalstanyanın günü-gündən güclənməsi, Paşinyan hakimiyyətinə alternativ olması rəsmi Bakının maraqlarına uyğun deyil. Məsələ ondadır ki, Paşinyan bölgədəki reallıqları anlayır və sülhdə maraqlı olduğunu əyani şəkildə göstərir. Paşinyanın bu düşüncəyə gəlməsi üçün bir genişmiqyaslı müharibə, bir neçə əməliyyat baş verdi. Nikol Paşinyanın devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər. Ən əsası isə yarımçıq danışıqlar Bakının maraqlarına uyğun olmadığı üçün regionda yeni gərginliyin yaranması mümkündür. İndiki məqamda Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaz. Lakin sülh prosesinin sıfır nöqtəsinə qayıtmaması üçün danışıqlar sürətləndirilməlidir. Bundan başqa, İrəvana açıq şəkildə xəbərdarlıq edilməlidir".