Böyük güclərin başı öz problemlərinə qarışıb, yekun anlaşma artıq zamanın tələbidir
Son günlərdə baş verən proseslər Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarında müəyyən nikbinlik yaradıb. Xüsusən, Qazaxın 4 kəndinin rəsmən Azərbaycana qaytarılması və 12.5 kilometr uzunluğunda sərhədin delimitasiya və demarkasiya edilməsi prosesin irəliləməsi ehtimalını artırıb. ABŞ Prezidenti Cozef Bayden də Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə yönəlik addımları alqışlayıb. Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Bayden sülh istiqamətində tərəflərin səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Avropa Birliyinin (AB) baş diplomatı Jozef Borrell də rəsmi X hesabında bildirib ki, Cənubi Qafqazda davamlı sülh onların ümumi məqsədidir. Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bir daha bəyan edib.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, hazırda Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və bu kontekstdə sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam edir. Analitik qeyd edib ki, eyni zamanda iki ölkə arasında yekun sülh sazişinin mətni üzərində işlərin davam etməsi də ümidverici haldır:
"Ərazi bütövlüyünün qarşılıqlı tanınması üzrə dialoq da məhz yekun sülh sazişi danışıqları çərçivəsində davam etdirilir. Tərəflər Qazaxın 4 kəndi üzrə delimitasiyanın başa çatmasından sonra sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını da davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə qadirdir. Rəsmi Bakı bunun üçün səylərini əsirgəmir. Azərbaycan tərəfi bu danışıqların uğurla başa çatacağına və Cənubi Qafqazda qalıcı sülhün tezliklə bərqərar olacağına ümid edir. Çox istərdik ki, Ermənistan hakimiyyəti də keşiş Baqrat Qalstanyanın və onun arxasında duran “Qarabağ klanı”nın bədnam liderləri – Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın bütün revanşist cəhdlərinə baxmayaraq, axıra qədər siyasi iradə nümayiş etdirsin. Xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşündə əldə edilmiş razılaşmalara əməl etsin".
Ə.Hüseynov diqqətə çatdırıb ki, rəsmi İrəvan kənar güclərin diktəsini, ənənəvi havadarlarının qızışdırıcı tövsiyələrini rədd etməyi bacarmalıdır: "Sülh sazişi üzrə cari məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslar davam etdirilməlidir. Ermənistan tərəfi kənar güclərin, üçüncü tərəflərin vasitəçiliyi olmadan da danışıqların davam etdirilməsinin və razılaşmalar əldə etmənin mümkünlüyünü artıq əyani olaraq görür. Odur ki, rəsmi İrəvan bu tarixi fürsəti düzgün dəyərləndirməli və sülh naminə real addımlar atmalıdır. Sülh sazişi üçün əlverişli fürsət yetişməkdədir. Hazırda böyük güclərin başı öz problemlərinə qarışıb. Bu da Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli geosiyasi fon yaradır. Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşması zamanın tələbidir".