“Moskvanın konsulluq sevdasına düşməsi Qarabağda, bölgədə öz varlıqlarını hiss etdirmək üçündür. Rusiya konsulluqdan bir plasdarm, platforma kimi yararlanmaq niyyətindədir”
Rusiya Xankəndidə baş konsulluq açmaq istəyir. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı. Karasin bu məsələdə Azərbaycanın dəstəyinə ümid etdiyini söyləyib: "Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək". Əksər ekspertlərin fikrincə, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbi yoxdur. Çünki bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir. Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Moskva sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir.
AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Cənubi Qafqazda qalmaq, öz mövcudluğunu qorumaq istəyir. Partiya rəhbərinin sözlərinə görə, Moskva regionda təsir imkanlarını artırmaq üçün müəyyən üsullara əl atır:
"Səfirliyin, konsulluğun, yaxud mədəniyyət mərkəzlərinin olması bir ölkənin başqa bir dövlətdə fəaliyyət imkanlarını genişləndirir. Ancaq bir ölkədə konsulluq o halda yaradılır ki, konsulluğu olan dövlətin fəalliyyət göstərdiyi ölkədə vətəndaşları yaşayır, çalışır və s. Konsulluğun məqsədi öz vətəndaşlarına xidmət göstərmək, onların üzləşdiyi problemləri vaxtında həll etməkdir. Xankəndidə nəinki rus, heç erməni də yoxdur. O baxımdan Rusiyanın konsulluq sevdasına düşməsi Qarabağda, bölgədə öz varlıqlarını hiss etdirmək üçündür. Rusiya konsulluqdan bir plasdarm, platforma kimi yararlanmaq niyyətindədir. Yəqin ki, qardaş Türkiyənin Şuşada konsulluğunun olacağı məsələsi də Kremlin belə bir fikrə düşməsində müəyyən rol oynayıb. Rusiyanın Xankəndidə konsulluq açmaq arzusu tamamilə siyasidir. Ancaq düşünmürəm ki, konsulluğun açılmasına icazə verilməsi Azərbaycan üçün hansısa təhlükə yaradacaq. Əksinə, xatırlayırsızsa, sərhəd müzakirələri zamanı İran Zəngəzurda tez-tələsik konsulluq açdı. Bu, birmənalı şəkildə İranın Ermənistana dəstəyinin ifadəsi idi. Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi də müxtəlif cür yozula bilər. Bunu Moskvanın Bakıya dəstəyi, Qarabağın, Xankəndinin rəsmən Azərbaycan ərazisi kimi tanınmasının təsdiqləməsi kimi də görə bilərik. İstənilən halda Bakı üçün heç bir təhdid yoxdur".