Parlamentari: Xocalı soyqırımını törədənlər öz cəzalarını almalıdır

Ermənistan bu soyqırıma görə bütün Azərbaycan xalqından üzr istəməlidir

  "Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır". Bu sözləri dövlət başçısı İlham Əliyev mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı səsləndirib. Prezident qeyd edib ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil: "Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur". Ölkə rəhbəri vurğulayıb ki, xocalılılar müxtəlif yerlərdə məskunlaşmışdılar və müstəqillik illərini Xocalıdan ayrı keçirməli oldular: "Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdı". Prezident bəyan edib ki, Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar: "Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparıb. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!". Qeyd etmək lazımdır ki, dövlət başçısının 28 May - Dövlət Müstəqilliyi Gününü hər il işğaldan azad olunmuş bir bölgədə qeyd etməsi artıq ənənə halını alıb. Prezident iki il əvvəl bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər etdi. Xocalı işğal dövründə böyük məhrumiyyətlərə, ermənilərin və havadarlarının törətdiyi vəhşiliklərə, dinc və silahsız sakinlərin işgəncə və soyqırımına məruz qalıb. Prezident Xocalıda memorial kompleksin yaradılmasını həmişə istədiyini bildirib. O, Bakıda “Ana fəryadı” abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik”. Dövlət başçısı torpaqların işğaldan azad olunması istiqamətində yürütdüyü siyasətin və görülən işlərin uğurlu sonluğunu da vurğulayıb. Məlum olduğu kimi, Ermənistanda “Vətən uğrunda Tavuş” adlı etiraz aksiyaları keçirilir. Bu aksiyaya keşiş Baqrat Qalstanyan başçılıq edir. Aksiyaların əsl mahiyyəti həm də Koçaryan, Sarkisyan və əlaltılarının cinayət məsuliyyətindən xilas olması, yaxud yayınması məqsədi daşıyır. Çünki bu aksiyanın hədəfi tam bəlli olmayıb, sonradan hədəf olaraq baş nazir seçilib. Koçaryan və Sarkisyan 2008-ci ilin martında Ermənistanda keçirilən dinc aksiyanı silah və zorakılıq yolu ilə yatırıblar. Bundan başqa, 1999-cu il oktyabrın 27-də ölkə parlamentinə silahlı hücumu təşkil etməkdə də əsas fiqur olublar. O baxımdan Prezidentin Xocalı faciəsi ilə bağlı ”Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir” ifadəsi qatillərin cəzalanması üçün bir ismarıcdır. Çünki həmin canilər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsində, 8 ailənin tamamilə məhv edilməsində, 1275 nəfər əsir götürülməsində birbaşa iştirak ediblər. Soyqırımı qurbanlarının sayı daha çoxdur. Bu ilin fevralında bildirib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. Bu vaxtadək aparılan işlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
  Millət vəkili Elman Məmmədov "Sherg.az"a deyib ki, 32 ildən sonra Xocalıya xocalıların ilk köçü baş tutdu:

"Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da həmin tarixi tədbirdə iştirak etdilər, Xocalıya köçən sakinlərlə görüşdülər. Dövlət başçısı ilk köç edən sakinlərə evlərinin açarlarını verməklə yanaşı, həm də şəhərdə görülən yüksəksəviyyəli bərpa-quruculuq işləri ilə də tanış oldular. Prezidentimiz Xocalıdan Ermənistanla bağlı, oradakı revanşist güclərlə bağlı da mühüm mesajlar verdi, növbəti xəbərdarlığını etdi. Eyni zamanda vurğuladı ki, Xocalı soyqırımını həyata keçirənlər öz cəzalarını almalıdır. Ermənistan bu soyqırıma görə bütün Azərbaycan xalqından üzr istəməlidir. Ölkə başçısı görülən işlərlə yanaşı, bundan sonra görüləcək işlərdən də danışdı, fikirlərini söylədi. Qeyd edim ki, Xocalıya mayın 29-da köç getdi və ümumilikdə 44 ailə öz evinə qovuşdu. Şübhəsiz, bu köç davamlı olacaq və yaxın günlərdə bütün sakinlər öz yurduna qovuşacaq. Xocalıda həyat qaynayacaq".