Makron siyasi səhnədən tamamilə çıxmaq ərəfəsindədir - ŞƏRH

Makronun siyasi karyerası yekunlaşa bilər

Avropada daha çox ultra-sağçılar, millətçi qüvvələr səslərini artırmaqda, hakimiyyətə gəlmək şanslarını çoxaltmaqdadır

  Avropa Parlamentində bazar günü keçirilən seçkilərdə ifrat sağ partiyalar əhəmiyyətli nəticə əldə edib. Bu da Aİ-nin gələcək siyasi istiqamətinə qeyri-müəyyənlik əlavə edir. Seçki günü keçirilən sorğulara əsasən, mərkəzçi, liberal və sosialist partiyalar 28 yer itirməklərinə baxmayaraq, 720 yerlik parlamentdə çoxluğu qoruyub saxlayacaq. Fransada Marin Le Penin ifrat sağçı partiyası Prezident Emmanuel Makron partiyasından daha yaxşı nəticə göstərib. Makron, seçki nəticəsinin onun hökuməti üçün acınacaqlı olduğunu və gözardı edə bilməyəcəyini deyib. Bu hal Makronu növbədənkənar milli seçki çağırmağa vadar edib. Əgər Le Penin Milli Toplantı partiyası parlament çoxluğunu qazanarsa, Makronun daxili siyasətə təsiri əhəmiyyətli dərəcədə azalacaq. Avropa Parlamenti seçkilərinin nəticələri Olaf Şolz üçün də ağır olub. Onun Sosial Demokratlar Partiyası əsas mühafizəkarlar və ifrat sağçı - Almaniya üçün Alternativ partiyası qarşısında zəif nəticə göstərib. Bu arada, exit-poll nəticələri həm də onu göstərib ki, İtaliyanın Baş naziri Giorgia Meloninin mövqeyi güclənib və onun mühafizəkar İtaliya Qardaşları partiyası önə çıxıb. Bazar günü ifrat sağın seçkilərdə irəliləməsinə baxmayaraq, mərkəzləşdirilmiş exit-poll göstərib ki, sağ mərkəzçi Avropa Xalq Partiyası və ya EPP hələ də yeni qanunverici orqanın ən böyük siyasi ailəsi olaraq qalacaq və hətta daha beş yer qazanaraq, nümayəndələrinin sayını 189-a çatdıra biləcək. Bu da Ursula fon der Lyayen üçün yaxşı xəbərdir. Çünki o, Aİ-nin güclü icraedici qolunun rəhbərliyi üçün ikinci beşillik müddətə seçilmək istəyir. Fon der Lyayen özünü ifrat sağa qarşı qalxan kimi təqdim edib. "Mərkəz qalır. Ancaq bu da bir həqiqətdir ki, sol və sağdakı ifratçılar dəstək qazanıb və buna görə də nəticə mərkəzdəki partiyalar üçün böyük məsuliyyət yaradır". Analitiklər Avropadakı millətçi partiyaların üstünlük qazanmasını artan qiymətlərdən narazılıq, miqrasiya ilə bağlı narahatlıqlar və yaşıl keçidin yaratdığı xərclər, eləcə də Ukraynadakı müharibə ilə əlaqələndirirlər. Mühafizəkarlar indi öz qələbələri ilə Aİ siyasətinə təsir etməyə çalışacaqlar. Avropa Parlamentində sağa doğru dəyişiklik təhlükəsizlik çağırışlarına, iqlim dəyişikliyinin təsiri və ya Çin və ABŞ-nin sənaye rəqabətinə cavab vermək üçün lazım ola biləcək yeni qanunvericiliyin qəbulunu çətinləşdirə bilər.
  Fransa Prezidenti Emmanuel Makron komandası ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir. Makronun yaxın adamlarından biri bildirib ki, prezidentin istefası tabu deyil: "Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır". İddia olunur ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal ssenari”ni müzakirə edib. Qeyd edək ki, Avropa Parlamentinə keçirilən seçkilərdə sağçılara sarsıdıcı məğlubiyyətdən sonra Makron parlamenti buraxıb və növbədənkənar seçki təyin edib. Fransada növbədənkənar parlament seçkisinin birinci turu 30 iyunda, ikinci turu isə 7 iyulda keçiriləcək.
  Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Avropada çox maraqlı proseslər baş verməkdədir. Deputatın sözlərinə görə, daha çox ultra-sağçılar, millətçi qüvvələr səslərini artırmaqda, hakimiyyətə gəlmək şanslarını çoxaltmaqdadır:

"Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən belə bir qənaətə gəlmək olar ki, milli düşüncəyə sahib olan deputatların sayı artmaqdadır. Makronun son dövrlərdə Fransa daxili-xarici siyasətində uğursuz addımlar, eyni zamanda Avropanın "vahid lideri" olmaq istəyinin puç olması Makronun mövqelərini çox zəiflədib. Makronun parlamenti buraxaraq yenidən parlament seçkiləri elan etməsi də, əslində, çox riskli addımdır. Bəlkə də Makronun prezidentlik dönəmi başa çatmadan onun siyasi karyerası yekunlaşa bilər. Xüsusilə də Parisdə böyük idman yarışının keçiriləcəyi ərəfədə seçkilərin çox qəliz və çətin keçəcəyini söyləmək olar. Makronun fərasətsiz və uğursuz siyasi fəaliyyətləri nəticə etibarı ilə onun partiyasının və tərəfdaşlarının reytinqinin düşməsi ilə nəticələnməkdədir. Parlament seçkisindən sonra indiki mövqeyi bir qədər də zəifləyə bilər. Bu da onun siyasi səhnədən tamamilə çıxmasına səbəb olar".