5-10 il əvvəl bəlkə də heç kim inanmazdı ki, Türk Dövlətləri Təşkilatı öz humanitar funksionallığından əlavə siyasi-hərbi və texniki təşkilata da çevriləcək
Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi qeyd olunub. Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha vurğulanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, liderlər arasında görüşdən əlavə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar. Üstəgəl, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb. Bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. Belə vəziyyətdə Şuşa bəyannaməsi ilə strateji müttfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, liderlərin görüşü Azərbaycan və Türkiyənin son günlərdə üzləşdikləri bir sıra məsələlər fonunda reallaşdı. Ekspertin sözlərinə görə, görüşün müxtəlif spektrlərdə keçməsi, Prezidentin köməkçisi Hikmət Hacıyevin də türkiyəli həmkarı ilə bir araya gəlməsi ondan xəbər verir ki, Azərbaycan-Türkiyə bəzi məsələlərə birlikdə cavab axtarırlar:
"İki qardaş ölkə arasındakı yüksək əlaqələr bu cavabların tapıldığına şübhə yeri qoymur. Reallıq isə odur ki, Azərbaycan və Türkiyə Avrasiya məkanında böyük bir gücə çevrilməkdədir. 5-10 il əvvəl bəlkə də heç kim inanmazdı ki, Türk Dövlətləri Təşkilatı öz humanitar funksionallığından əlavə siyasi-hərbi və texniki təşkilata da çevriləcək. Əgər türk dövlətləri, yaxud onların bəzi liderləri dünənədək Azərbaycan-Ermənistan arasındakı məsələlərdə, müzakirə predmetləri olan mövzularda bitərəflik nümayiş etdirirdilər. Öz suverenliklərini tam olaraq əks etdirə bilmirdilər. Biz gördük ki, 44 günlük müharibədən sonra türk respublikaları xarici siyasət davranışlarında kifayət qədər müstəqil və suveren addımlar atdı. Bu addımlardan ən mühümləri təhlükəsizlik, əlifba ilə bağlı məqamlar və Türkiyə ilə hərbi texniki-əməkdaşlıq məsələləri idi. Prezident İlham Əliyev vurğulamışdı ki, gələcəkdə hərbi müstəvidə birgə təhlükəsizliyi təmin etməklə bağlı düşünməliyik. Hazırda bunun üçün çox münbit vəziyyət formalaşıb. Rusiya-Ukrayna arasında müharibə gedir, Qərb-Çin arasında qarşıdurma yaşanır. Bu fürsətdən istifadə edərək türk dövlətlərini müxtəlif inteqrasiya layihələrində birləşdirə bilərik. Artıq Özbəkistanın ən böyük təbii qaz hasil edən şirkət "Şahdəniz 2" layihəsində yer ala bilər. Xəbərlər yayılmaqdadır ki, Türkmənistan qazı Azərbaycan vasitəsilə Türkiyəyə, oradan Avropaya çıxacaq. Qazaxıstan neftin şaxələndirilməsində və ixracında ciddi qərarlar verməkdədir. Bunlar Türk dünyasının birliyinin güclənməsi və təhlükəsizliyi üçün çox mühüm amillərdir".