Ermənistanda konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsinə mane olan xarici və daxili qüvvələr birləşməkdədir
"Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları təsbit olunub". Bunu "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat vurğulayıb ki, konstitusiya hər bir ölkənin əsas qanunudur:
"Parlament tərəfindən qəbul olunan bütün qanunlar və ali icra orqanının qərarları, fərmanları, sərəncamları, dövlətlərarası müqavilələr, konstitusiyaya uyğun olmalıdır. İndiki vəziyyətdə sülh müqaviləsi imzalansa belə, hüquqi qüvvəyə minməyə bilər. Çünki istənilən yeni hakimiyyət Paşinyan tərəfindən imzalanmış müqavilənin əsas qanuna zidd olduğunu elan edər və tanımaz. Prezident İlham Əliyev erməni psixologiyasını gözəl bilir. Tamamilə haqlı olaraq konstitusiya dəyişikliklərini, problemin köklü şəkildə həllini tələb edir. Ancaq çətinlik ondadır ki, son ay yarım ərzində Ermənistanda ara qarışıb, "it yiyəsini tanımır". Konstitusiya dəyişikliyi üçün referendum keçirilməlidir. Referendumun keçirilməsinə mane olan xarici və daxili qüvvələr birləşməkdədir. Ermənistan hakimiyyəti hər şeydən əvvəl, radikal qüvvələri neytrallaşdırmalı, ictimai-siyasi sabitliyi bərpa etməlidir. Vəziyyət kifayət qədər kritikdir. Təsirli tədbirlər görülməsə, qan tökülə, xaotik hal ala bilər. Bir tərəfdən Qərbə, digər tərəfdən də Rusiyaya bağlı qüvvələr, bir-birinə güzəştə getmək istəmir. Belə bir vəziyyətdə ümumxalq səsverməsi real görünmür".