Milli Qurtuluşumuz olmasaydı…

“O fərqli Azərbaycanın necə ola biləcəyini təsəvvür edəndə bizi vahimə bürüyür”

  31 il əvvəl - 1995-ci ilin 15 iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsasını qoydu. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, dünya birliyində qalib ölkə kimi tanınmasının əsası Milli Qurtuluş Günü qoyulub. Məhz gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə başlaması ölkənin tarixinə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi fürsət oldu. Lakin həmin vaxt respublikamıza dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyi xalqın qanı bahasına əldə edilmiş müstəqilliyi addım-addım uçuruma yaxınlaşdırırdı. Ölkəyə rəhbərlik edənlərin birincilik davası nəticəsində Azərbaycan qısa vaxtdan sonra müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kuliminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu lider dövlət idarəçiliyində zəngin təcrübəyə malik, xalqı arxasınca aparmağa qadir olan Ulu Öndər Heydər Əliyev idi. Həmin vaxt hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ovaxtkı iqtidar da siyasi böhranın getdikcə dərinləşdiyini hiss edib Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir. Ermənistan üzərindəki möhtəşəm Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki reytinqi daha da yüksəlib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-abadlıq işlərinə heyran qalır.
  Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, müasir və müstəqil Azərbaycan dövləti iki təməl üzərində inkişaf edir. Birincisi, sovetlərin dağılması ilə yenidən müstəqilliyə qovuşmağımızdırsa, ikincisi, Milli Qurtuluş Günümüzdür. Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrük kəlamının nə qədər dəqiq olduğunu tarix sübut edib: 

"1918-ci ildə yaradılmış AXC cəmi 23 ay yaşadı. Cümhuriyyət qurucuları o vaxtı çətinliklə qazandğı dövlət müstəqilliyini qoruyub saxlaya bilmədilər. İkinci dəfə müstəqilliyə qovuşmağımız isə tarixi prosesin məntiqi nəticəsi idi. Amma bu nailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox çətin bir keçid dövrünü yaşamalı olduq. Azərbaycan həmişə xarici düşmənlərin marağında olan bir məkan olub. O cümlədən ölkə daxilində gedən çəkişmələr və hakimiyyətsizlik xarici düşmənlərimizin çirkin niyyətlərinin reallaşmasına yol açırdı. Məhz belə bir çətin dövrdə xalqın və ölkənin taleyini Ümummili Lider Heydər Əliyev xilas etdi. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin qızıl hərflərlə yazılan şanlı səhifəsidir. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin gələcək taleyinə əbədi olaraq müstəqil olmasına işıq yandırdı. Ümummili Lider Heydər Əliyev dövlətə rəhbərlikdə böyük təcrübəyə malik, xalqın inandığı, möhkəm iradəli və qətiyyətli qərarlar qəbul edə bilən böyük şəxsiyyət idi. Onun hakimiyyətə qayıdışı xalqımızın özünü müstəqil ölkənin vətəndaşları olduğunu hiss etməyinə yol açdı. Əgər Milli Qurtuluşumuz olmasaydı, bu gün fərqli bir Azərbaycan olardı. O fərqli Azərbaycanın necə ola biləcəyini təsəvvür edəndə bizi vahimə bürüyür. Ölkənin vətəndaş müharibəsi ərəfəsinə gəlməsi düşmənlərimizin uzun illərlik arzusu idi. Məhz Ümummilli Liderin qayıdışı düşmənlərimizin arzularını ürəklərində qoydu. Hər birimizin fəxr edib qürur duyduğumuz qalib və inkişaf etmiş müstəqil Azərbaycanın meydana gəlməsini şərtləndirdi".
  Parlament üzvü vurğulayıb ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi: "Ulu Öndərin reallaşdıra bilmədiyi arzularını Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız həyata keçirdi. Bu, Azərbaycanın suverenliyinin təmini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idi. Bu gün Azərbaycan nəinki özünün tarixi missiyasını yerinə yetirdi, həm də dünyada ulduz kimi parlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünya nizamının formalaşmasında rolu olan ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikasının parıldadığını görən Ümummilli Liderin ruhu şaddır. Heydər Əliyevin ideyaları ölməzdir, əbədidir, onun xatirəsi heç vaxt unudulmur və Azərbaycan durduqca yaşayacaq".