Mövcud siyasi vəziyyət fərqlidir
Ermənistan Baş naziri Nikol Paşinyan Belarusla körpüləri yandırmaq qərarına gəlib. Baş nazir Belarus prezidenti Aleksandr Lukaşenkoya Azərbaycanda səfərdə olarkən İrəvan əleyhinə söylədiyi tənqidi fikirlərə görə qəzəblənib. Bildirib ki, nə qədər Lukaşenko prezidentdir, heç bir erməni rəsmisi Belarusa getməyəcək. Həmçinin vurğulayıb ki, Lukaşenko üzr istəməsə, Belarus KTMT-dən çıxmasa, münasibətlər düzəlməyəcək. Hətta Belarusdan Ermənistan səfiri də geri çağırılıb. Belarus Xarici İşlər Nazirliyi də Paşinyanın ittihamlarına cavab verib. Rəsmi Minsk qeyd edib ki, xarici oyunçular Ermənistan rəhbərliyini sövq etsə də, onlar İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyillər: “Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, heç də uzaqgörən mövqe deyil”. Belarus XİN İrəvandakı səfirinin tezliklə Minskə çağırılacağını anons edib. Xatırladaq ki, Ermənistan da Belarusdakı səfirini məsləhətləşmələr üçün Minskdən geri çağırıb.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, nə qədər qəribə səslənsə də, Paşinyan, əslində, bu mövqeyində haqlıdır. Analitikin sözlərinə görə, Ermənistan və Belarus KTMT çərçivəsində hərbi əməkdaşlıq münasibətindədirlər və Lukaşenkonun Bakıda verdiyi bəyanatlar bu əməkdaşlığa uyğun gəlmirdi:
"Amma Paşinyan unudur ki, müqavilə və kollektiv birliklər dövlət marağından üstün deyil. Əgər Lukaşenko Azərbaycandan iqtisadi və həm də siyasi fayda əldə etməsəydi, heç vaxt bildiyimiz bəyanatları verməzdi. Şübhəsiz, o, Rusiya-Ukrayna müharibəsi fonunda Belarusa artan iqtisadi təzyiqlərin nəticələrinin bir qismini Azərbaycanla əlaqələri yaxşılaşdırmaqla yumşaltmaq istəyir. Sanksiyalara məruz qalan Rusiya da oxşar addımları atmaq məcburiyyətindədir. Bu məsələdə Ermənistanın potensialı demək olar ki, sıfırdır. Əlbəttə, dövlət rəhbərlərinin yaxşı şəxsi münasibətlərinin olmasının da müəyyən əhəmiyyəti var. Amma əsas maraqlardır".
Ekspert vurğulayıb ki, mövcud siyasi vəziyyət indiki kimi olmasaydı, Lukaşenko Paşinyanın xətrinə dəyən bəyanatlar verməzdi: "Paşinyanın açıqlamasında həmçinin ənənəvi erməni hiyləgərliyi elementləri də var. Belə ki, erməni baş naziri kollektiv qərbin nəzərinə Azərbaycanın dünyada Rusiyanın dostu kimi dışlanan Belarusun yanında olmasını altından xətt çəkməklə bir daha çatdırmağa çalışır".