Zirvə görüşündə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinə yönəlik təhdid riskləri, potensial təhlükə mənbələri ciddi müzakirə olunacaq
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin dəqiq tarixi açıqlanıb. Məlumata görə, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı ildə bir dəfə Zirvə görüşünün keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Prezident söyləmişdi ki, həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: "Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək". Ölkə rəhbəri bəyan etmişdi ki, nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir: "Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq".
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a deyib ki, Türk Dövlətləri Təşkilatının Şuşada keçirəcəyi Zirvə görüşü önəmli dönəmə təsadüf etməkdədir. Generalın sözlərinə görə, Cənubi Qafqazda və dünyanın bir çox regionunda baş verən proseslər fonunda Şuşada baş tutacaq Sammit tarixi əhəmiyyət kəsb edəcək:
"Şuşada keçiriləcək Zirvə görüşündə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinə yönəlik təhdid riskləri, potensial təhlükə mənbələri ciddi müzakirə olunacaq və atılacaq addımlar gündəmə gətiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı danışarkən "bizim bir ailəmiz var, o da türk dünyasıdır" demişdi. Bu ailənin ilk növbədə öz ölkələrinin təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini mühafizə etməsi çox önəmlidir. İkinci növbədə isə Türk dünyasına qarşı təhdidlərin aradan qaldırması yönündə atılan birgə addımlar olduqca vacibdir. Şuşada keçiriləcək Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət edilməsi tarixi önəm kəsb edir. Zirvə görüşündə "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində atılacaq addımlar və bu istiqamətdə qarşıda duran hədəflər gündəmə gətiriləcək. Şübhəsiz, Zirvə çərçivəsində Azərbaycan-Ermənistan arasında danışıqlar və sülhün əldə olunmasının bölgədə sabitliyə töhfə verəcəyi müzakirə olunacaq. Əsas məsələ türk dövlətlərinin hər hansı təhdidə qarşı ortaq mücadiləsi, birgə addımlar atmasıdır. O baxımdan Zirvə görüşü türk dövlətləri arasında keçirilən toplantıdan daha böyük önəmə sahibdir. Bu həm də, qlobal miqyasda əhəmiyyət daşıyan və regional bütün layihələrə təsir göstərən bir Sammitdir. Zirvənin Şuşada keçirilməsi isə xüsusi mahiyyət kəsb edir. Bunun siyasi-iqtisadi, mədəni olmaqla yanaşı, həm də ciddi simvolik önəmi də var".