Azərbaycan-Ermənistan arasındakı münasibətlər o səviyyəyə çatıb ki, özümüz heç bir vasitəçi olmadan problemlərin həllinə nail ola bilirik
Prezident İlham Əliyevin Kanadanın yeni səfiri Kevin Hamiltonu qəbul edərkən səsləndirdiyi fikirlər həm Kanada hökumətinə, həm də Ermənistana havadarlıq edənlərə ünvanlanmış mesaj kimi qəbul edilməlidir. Kanada Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri hesab olunur. Bu ölkə 44 günlük Vətən müharibəsinə qədər ümumən neytral mövqedən çıxış edir və Azərbaycanla münasibətlərdə kifayət qədər adekvat davranırdı. Lakin çox təəssüf ki, müharibə başlayandan sonra Fransa ilə bərabər Kanada da açıq-aşkar ermənipərəst mövqedən çıxış etməyə başladı. Kanada işğalçı və terrorçu Ermənistana dəstək ifadə edən addım ataraq Azərbaycanın müharibə zamanı istifadə etdiyi “Bayraktar” PUA-ları üçün bəzi detalları Türkiyəyə satmaqdan imtina edən bir ölkə kimi yadımızda qalıb. Eləcə də postmüharibə dönəmində Kanadanın ölkəmizə və Türkiyəyə qarşı zaman-zaman qərəzli münasibət sərgilədiyini müşahidə etmişik. Kanadanın Azərbaycana qarşı sanksiyaların tətbiq olunması çağırışı ilə çıxış etməsi və hətta Ermənistandakı Avropa İttifaqının müşahidəçi missiyasına qoşulması da bu ölkənin Fransanın anti-Azərbaycan avantüralarının girovuna çevrildiyini göstərir. Lakin Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi Fransa ilə yanaşı Kanadanın da ermənipərəst siyasətini neytrallaşdırmağa imkan yaratdı. Bunun nəticəsidir ki, artıq Kanada da Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsini imzalanmasının tərəfdarı kimi çıxış edir. Bunun regionda əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inanır. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrin inkişaf etdirilməsinə can atır. Bu da onu göstərir ki, Kanada artıq Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir, Bakı ilə əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Qeyd edək ki, Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh prosesindən danışıb. Dövlət başçısı vurğulayıb ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görünür. Ölkə rəhbəri bəyan edib ki, kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur: “Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”. Həmçinin Prezident qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan iki ölkə arasında möhkəm və qalıcı sülhün şərtlərini rəsmi Bakıdan dəfələrlə eşidib. Deputatın sözlərinə görə, kənardan bəzi dövlətlər beynəlxalq hüquq normalarına məhəl qoymadan proseslərə qarışıblar:
"Həmin dairələr Ermənistanı aqressivləşdirməyə, regionda gərginliyin saxlanmasına çalışıblar. Məqsəd ondan ibarət olub ki, Ermənistan onlardan asılı vəziyyətə düşsün. Eyni zamanda xaricdəki erməni diasporunun vaxtaşırı səsini qazansınlar. Ona görə də cənab Prezident məhz Kanadanın, Azərbaycana qarşı hər zaman qeyri-obyektiv mövqe tutan bir dövlətin səfirini qəbul edərkən müəyyən məsələləri onun diqqətinə çatdırdı. Ancaq bu mesajlar təkcə Kanadaya deyil, Fransaya və digər ermənipərəst dövlətlərə də aiddir. Birinci şərt kənar ölkələrin Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına qarışmasının yolverilməz olmasıdır. Tərəflər prinsip etibarı ilə aralarındakı məsələləri həll edirlər. Kənardan müdaxiləyə, üçüncü qüvvələrin vasitəçiliyinə ehtiyac yoxdur. Azərbaycan-Ermənistan arasındakı münasibətlər o səviyyəyə çatıb ki, özümüz heç bir vasitəçi olmadan problemlərin həllinə nail ola bilirik".
Parlament üzvü bəyan edib ki, digər vacib şərt isə Ermənistan konstitusiyasının dəyişməsidir: "Biz Ermənistanda siyasi sistemin dəyişməsini, seçki sisteminin müəyyənləşməsini tələb etmirik. Onların ərazi quruluşunun nə cür olmasını da təklif etmirik. İstəyimiz odur ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapmasın. Dünyanın heç bir ölkəsində konstitusiyada belə müddəalar olmur. Prinsip etibarı ilə Azərbaycanın tələbi kifayət qədər obyektivdir. O baxımdan Kanada, Fransa və digər ölkələr Azərbaycanın suveren tələblərini mütləq diqqətə almalıdırlar".