“Deputat olmaq istəyən vicdanlı jurnalistlərin bir blokda birləşməsi maraqlı olardı”
Tanınmış jurnalist Pərviz Həşimli növbədənkənar parlament seçkisi ilə bağlı təklif səsləndirib. Jurnalist vurğulayıb ki, vaxt var idi ölkədə hamı seçki blokları ilə seçkiyə gedirdi. Onun sözlərinə görə, seçkiyə qatılmaq istəyən jurnalistlərin də ayrıca bloku yarana bilər:
"Xatırlatmaq üçün deyim, Vahid Əhmədov, Əli Məsimli ilk dəfə məclisə "YES" blokunun namizədi kimi düşdülər. Jurnalistlərin bir üstünlüyü odur ki, bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti qurumları onlara səs verəcək". Xatırladıb ki, deputat Qüdrət Həsənquliyev də bir ay əvvəl ictimai-siyasi sahədə çalışan media təmsilçilərinin deputat olmasının əhəmiyyətindən danışmışdı. İndi isə təklif edir ki, hakim Yeni Azərbaycan Partiyası 83 dairədən namizəd versin və yerdə qalan dairələrə ictimai-siyasi sektorunun təmsilçiləri getsin. Məlumat üçün bildirək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Artıq bir çox partiyalar, siyasi-ictimai təşkilatlar və ayrı-ayrı şəxslər seçki hazırlıqlarına başlayıblar.
BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında deyib ki, istisnalar olsa da, adətən seçki prosesində sırf peşələrlə bağlı ayrıca bloklara çox rast gəlinmir. Professorun sözlərinə görə, buna baxmayaraq, təklifin özü çox maraqlıdır:
"Deputat olmaq istəyən nüfuzlu, cəmiyyətdə çəkisi olan, cəmiyyəti ifadə edə bilən, vicdanlı jurnalistlərin bir blokda birləşməsi maraqlı olardı. Hər halda təklifdir və müəyyən mənada rezonans da doğurur. Yeni bir təcrübə kimi bunu sınamaq olar. Nəzərə alaq ki, media cəmiyyətə çox nüfuz edir. Yazanların, pozanların sayı çoxalıb. Onların bir blok şəklində seçkiyə qatılması seçki texnologiyası, cəmiyyətə mesajların ötürülməsi baxımından maraqla qarşılana bilər".
Q.Məhərrəmli ümumiyyətlə cəmiyyətdə seçki öncəsi bloklaşmalara birmənalı münasibətin olmaması belə şərh edib: "Bunun səbəbləri müxtəlifdir. Cəmiyyətdə seçkinin özünə münasibət birmənalı deyil. İnsanlarda bir inamsızlıq, ümidsizlik var. Seçki ilə nəyinsə həll ediləcəyinə ümidsiz yanaşırlar, obyektivliyə şübhə edirlər. Ona görə də biraz bu məsələdə laqeydlik, biganəlik var. Ancaq hər şey təbliğat kampaniyasından və təsirlərdən asılıdır. Yəni vəziyyət dəyişə də bilər".