BMTM-nin eksperti: Çin-Azərbaycan münasibətlər yeni pilləyə qədəm qoyub

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü baş tutub. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Ümumiyyətlə İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulub. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Diplomatik münasibətlərdən başqa Çin ilə Azərbaycan arasında mədəni əlaqələrdə yüksək səviyyədədir. Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə olduğu kimi mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açıb. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov "Sherg.az"a söyləyib ki, Çin-Azərbaycan münasibətlər yeni pilləyə qədəm qoyub:

"Biz bilirik ki, dünya nizamı xaotik sistem üzərində qurulub və bu xaotik sistem ölkələri məcbur edir ki, özünə tərəfdaşlar tapsın. Bu gün qlobal səviyyədə təhlükəsizlik riski bəlkə də tarixin ən böyük dövrlərindən birini yaşıyır. Çünki bütün dövlətlər silahlanma yoluna qədəm qoyub. Belə olduğu halda Çin kimi böyük dövlətlə strateji tərəfdaşlıq Azərbaycan üçün zəruri haldır. Bu gün Çin dünyada böyük investor kimi tanınır. Hesab edirəm ki, rəsmi Bakı-Pekin arasındakı münasibətlərin yüksək mərhələyə qədəm qoyması Çin tərəfindən qoyulan investisiyanı artacaq".