Obama Kamala Harrisi dəstəklədiyini açıqlayıb: Əlimizdən gələni edəcəyik!

ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama noyabrın 5-də keçiriləcək seçkilərdə prezident Co Baydenin yarışdan çəkilməsindən sonra Demokratlar Partiyasının namizədi olmuş vitse-prezident Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.

Sherg.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama həyat yoldaşı Mişel Obama ilə Kəmalə Harrislə birgə telefon danışığının videosunu X sosial media hesabında paylaşıb.

Keçmiş prezident Obama deyib: “Mişel və mən sizə bildirmək üçün zəng edirik ki, sizi dəstəkləməkdən qürur duyarıq və bu seçkidə qalib gəlməyinizə və Oval Ofisə daxil olmanıza kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Mişel Obama da Harrislə fəxr etdiyini bildirib və bunun “tarixi hadisə” olacağını deyib.

Kamala Harris də X hesabında Obamalara təşəkkür edərək, "Sizin dəstəyinizi almaq mənim üçün çox vacibdir" deyib.

İyulun 21-də X hesabında verdiyi açıqlamada ABŞ prezidenti Bayden prezidentlik yarışından çəkildiyini və onun yerinə vitse-prezident Harrisi tövsiyə etdiyini açıqladı.

Demokratik nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris, bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına çatdı.

Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.