Top Tehrandadır: Pezeşkian ölkəsinin bütün yanlışlarını aydın görür

Azərbaycan İranla normal münasibətin qurulması üçün bütün addımları atıb
 
 
 Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb. Ə.Əsədov cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib. Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.
 
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpasından sonra Pezeşkianın andiçmə mərasimində yüksək səviyyədə təmsil olunması göstərir ki, rəsmi Bakı hər zamankı kimi qonşularla münasibətlərin normallaşmasında maraqlıdır. Ekspertin sözlərinə görə, Azərbaycan İranla normal münasibətin qurulması üçün bütün addımları atıb: 
"Pezeşkianın seçkilərdə qalib gəlməsindən sonra Prezident İlham Əliyevin onu həm məktubla, həm də zəng edərək təbrik etməsi və Azərbaycana dəvəti xoş məramımızın təzahürüdür. Proseslərin bundan sonrakı inkişafı isə artıq İran tərəfinin davranışlarından asılı olacaq. Azərbaycanəsilli Pezeşkian seçki kampaniyasındakı çıxışlarında molla rejiminin xarici siyasətini tənqid edirdi. Qonşularla, ilk növbədə isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayırdı. Baxaq görək, Pezeşkian bu fikirlərini sözdən reallığa çevirə biləcəkmi? Hər halda biz ümid bəsləyirik.
Ancaq onu da bilirik ki, İranda prezidentlərin səlahiyyətləri elə də çox deyil. Bu ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibləri də məhz ali dini rəhbər Seyid Əli Xamenei ilə SEPAH-dır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı açıq şəkildə aqressiv siyasət yürütməyə başlamasının əsas günahkarları da elə onlardır. Biz molla rejiminin son dörd ildə dəfələrlə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, İran rəsmilərinin və SEPAH generallarının Azərbaycanın ünvanına təhdid dolu bəyanatlarla çıxış etməsi, İran mediasında ölkəmizə qarşı yazıların dərc olunması və sair bu kimi anti-Azərbaycan xarakterli hərəkətləri unutmamışıq".

 Ə.Hüseynovun qənaətincə, rəsmi Tehranın bu davranışlarının arxasında sözsüz ki, ən müxtəlif səbəblər, motivlər dayanır:
 "Əsas səbəblərdən biri isə budur ki, mollalara elə gəlir ki, Ermənistanla sıx əməkdaşlığın qurulması İranın regiondakı maraqlarına daha çox uyğundur. Ancaq bu yanaşma kökündən yanlışdır. Mollalar yürütdükləri ermənipərəst siyasətin İranın strateji maraqlarına zərbə vurduğunu ya görmürlər, yadaki görmək istəmirlər. Pezeşkian isə ağıllı adamdır və o, molla rejiminin bütün yanlışlarını aydın görür. Biz çox istərdik ki, o, molla rejimini ermənipərəst siyasətdən əl çəkməyə təhrik etməyi və Azərbaycana qarşı pozucu addımlardan çəkindirməyi bacarsın. Əlbəttə, biz bunun elə də asan olmadığını başa düşürük. Ancaq onu da yaxşı bilirik ki, İranın da başqa yolu yoxdur. İran Azərbaycanın Cənubi Qafqazdakı aparıcı güc mövqeyi ilə hesablaşmalıdır".