Tarixi reallıq və zamanın tələbidir
İran və Ermənistan istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizi açılacaq
44 günlük müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi ötən dörd il ərzində zaman-zaman müzakirə mövzusu olub. Lakin Ermənistan tərəfinin tərəddüdləri səbəbindən layihəni reallaşdırmaq, daha doğrusu, bu istiqamətdə irəliyə doğru addımlar atmaq mümkün olmayıb. Məsələ ondadır ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün yox, bütün region ölkələri üçün faydalıdır. Buna rəğmən, cənub qonşumuz İran da yeni nəqliyyat əlaqəsinin yaradılmasını regionda sərhəd dəyişdirilməsi kimi qələmə verərək bunu "qırmızı xətt" adlandırır, sərt bəyanatlarla çıxış edir. Ötən gün İranın dini lideri Xomenei də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin İrəvanın və Tehranın maraqlarına cavab vermədiyini iddia edib. Bundan öncə Prezident Məsud Pezeşkian da bənzər fikirlər səsləndirmişdi. Bir neçə gün əvvəl İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani də bildirmişdi ki, İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının tərəfdarıdır, lakin regional sərhədlərdəki dəyişiklikləri qəbul etmir: "Tehran regionun demoqrafik və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüslərin əleyhinədir". İranşünas ekspert Janna Vardanyan da Tehranın mövqeyinin 4 ildir dəyişməz qalmasını alqışlayıb: "Bununla da onlar bir daha vurğulayırlar ki, prezidentin dəyişməsi bu mövqeyə heç bir şəkildə təsir göstərməyib". Vardanyanın sözlərinə görə, Xomeneinin bəyanatı İranın mövqeyinin davamlılığının təsdiqidir.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Bakı-Tehran münasibətlərində yaxınlaşmanın səmimi olacağı aldadıcıdır. Ekspertin sözlərinə görə, İran heç vaxt buna getməyəcək:
"İran və Azərbaycan arasında situativ olaraq hansısa yaxınlaşma meyilləri ola bilər. Ancaq Tehran Ermənistana Azərbaycandan həmişə isti yanaşacaq. Məsələnin mahiyyəti mürəkkəbdir və çox danışılıb. İran heç vaxt Azərbaycana qarşı xoşniyyətli olmayıb və çox güman ki, olmayacaq. Münasibətlər bir müddət düzəlmiş kimi görünəcək, sonra yenə əvvəlki vəziyyətinə qayıdacaq. Xomeneinin məlum açıqlaması da bu qəbildəndir. İran hakimiyyətinin bir qanadı dostluq-qardaşlıq mesajı verəcəksə, digər qanadı həmişə hədə dili ilə danışacaq. Azərbaycana qarşı olduqlarını unutdurmayacaqlar".
Analitik vurğulayıb ki, İranın Azərbaycana dost kimi görünməkdən başqa çarəsi yoxdur: "Açıq düşmənçilik ritorikası İranın özünün əleyhinə çevrilər. İranın Ermənistan sevgisinin kökündə Türk dünyasının birləşmə qorxusu dayanır. Bunu artıq hər kəs bilir. İran Azərbaycan və Türkiyə ilə müharibə edər, ancaq öz xoşu ilə Zəngəzur dəhlizinin açılmasına razı olmaz. Məcburən də olsa razı olmasının yolu Ermənistanın bunu istəməsidir. Amma İran və Ermənistan istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizi açılacaq. Bu, tarixi reallıqdır və zamanın tələbidir".