Fransa Prezidenti Ermənistanın onun üçün Əlcəzairdən daha əziz olduğunu göstərdi
"Fransa Prezidenti Emmanuel Makronun ikiüzlülüyü yenə özünü büruzə verdi". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Makron Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa etdikdə ölkəmizə qarşı diplomatik müharibəyə başladı:
"Makron təxribatçı açıqlamalar verdi. BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı sənədin müzakirəsinə çalışdı. Qərbi Sahara ilə bağlı mübahisədə isə Mərakeşin muxtariyyət planına dəstək çıxdı. Halbuki qonşu Əlcəzair Qərbi Saharada müstəqilliyə yol açan referendum tələb edirdi. Yəni bizim bölgə ilə paralellər aparsaq, "Mərakeş Azərbaycandır". Ancaq Makron Azərbaycanda erməni separatizmini dəstəklədi. Mərakeşdə isə separatizmin əleyhinə çıxdı. Bu ölkənin ərazi bütövlüyünün vacibliyini vurğuladı. “Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir” deyən Makron Cənubi Qafqazda bunun əksini həyata keçirməyə çalışdı, amma alınmadı. Makron bununla Ermənistanın onun üçün Əlcəzairdən daha əziz olduğunu göstərdi. Halbuki Əlcəzair uzun illər Fransanın koloniyası olub".