Yücel Karauz: Bütün səylər boşunadır, mənasızdır

Heç kim anlamadığı ifadələrin ucundan tutub başqa tərəfə çəkməyə çalışmasın
 
“Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının ruhunda şəhidlərimizin qanları, eyni soy-kök, eyni ruh var. Bu, hər dövr üçün keçərlidir”
 
 
 Azərbaycanla qardaş Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni söy-kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Odur ki, əminliklə deyə bilərik ki, Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş ölkələrimizin tarixinin səhifələrinə daha parlaq işıq salır. Bundan başqa, ötən il fevralın 6-da 40 mindən çox insanın ölümünə, 100 mindən çox insanın xəsarət almasına, genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli zəlzələ nəticəsində çətin günlər yaşayan Türkiyə üçün Azərbaycan dövləti və xalqı əsl qardaşlıq dəstəyi göstərdi. Azərbaycan xalqı o faciə dolu kədəri qardaş Türkiyə xalqı ilə birlikdə yaşadı. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Ölkələrimizin beynəlxalq və regional təşkilatlar və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Əfsuslar olsun ki, misli və bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığını gözü götürməyən, iki qardaş ölkənin sıx birliyini, müttəfiqliyini həzm etməkdə çətinlik çəkən qərəzli dairələr, pisniyyətli şəxslər də var. Sanki fürsət gözləyirlər ki, xırda nəsə baş versin və onu əllərində bəhanə edərək Bakı-Ankara tandeminə hücuma keçsinlər. Təəssüf doğuran hallardan biri də ötənlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tamamilə başqa mənada ifadə etdiyi bir cümlənin qərəzəli məqsədlər üçün kontekstdən çıxarılması, fərqli yönə çəkilməsi cəhdləridir.

 Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz "Sherg.az"a deyib ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixin bütün dövrlərində sınaqlardan çıxmış, eyni soy-kökə, eyni tarixə və eyni taleyə dayanaraq güclü təməllər üzərində inkişaf edib. Generalın sözlərinə görə, xüsusən 2020-ci ildən bu yana iki dövlət arasında qardaşlıq ən yüksək nöqtəyə qalxıb: 
"Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında, 44 günlük müharibə ilə öz imkanları və gücü hesabına, 3 mindən çox şəhid verərək 28 illik qanunsuz işğala son qoydu, möhtəşəm Zəfər qazandı. Azərbaycan bu böyük Zəfəri öz potensialını geniş anlamda səfərbər etməklə əldə etdi. Türkiyə də təbii olaraq qardaş Azərbaycana İkinci Qarabağ savaşı ərzində həm siyasi-mənəvi, həm hərbi-müdafiə sənayesi sahəsində önəmli dəstək verdi. Türkiyə-Azərbaycan əlaqələri Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dedikləri kimi "bir millət iki dövlət", "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fəlsəfəsinə dayanır. İndiki prezidentlər - cənab İlham Əliyev və cənab Ərdoğan da bu mirasa yüksək səviyyədə sahib çıxmaqdadır. Hörmətli Prezident R.T.Ərdoğanın bir platformda tamamilə fərqli mənada bəyan etdiyi fikirləri qərəzli və məqsədli şəkildə başqa istiqamətə çəkməyə çalışmaq, yanlış dəyərləndirmək, həmçinin Türkiyə-Ermənistan rəsmiləri arasındakı təmasları düzgün analiz etməmək qətiyyən yolverilməzdir".

 Y.Karaüz təəssüflə vurğulayıb ki, zaman-zaman Türkiyədə və Azərbaycanda xarici güclərdən bəslənən, iki qardaş ölkənin misilsiz dostluğunu qısqanan, Şuşa Bəyannaməsini həzm edə bilməyən bəzi şəxslər, qruplar meydana çıxmaqdadır: 
"Onlar bulanıq suda balıq tutmağa çalışanlardır. Amma bütün səyləri boşunadır, mənasızdır. Cənab Ərdoğanın Azərbaycan dövlətinə, millətinə, bu məfkurəyə baxışı, İkinci Qarabağ savaşında Azərbaycanın möhtəşəm qələbəsinə yanaşması birməanlıdır və bəllidir. Çanaqqalada, Balkan savaşlarında, Qafqaz İslam Ordusunun tərkibində düşmənə qarşı birlikdə vuruşan şəhidlərimizin məzarları yan-yanadır. Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının ruhunda şəhidlərimizin qanları, eyni soy-kök, eyni ruh var. Bu, hər dövr üçün keçərlidir. Heç kim anlamadığı ifadələrin ucundan tutub başqa tərəfə çəkməyə çalışmasın. Bizim üzərimizə düşən vəzifə və öhdəlik bəd niyyətdə olanlara imkan verməmək və hər kəsin Azərbaycan-Türkiyə qardaşlığına, müttəfiqliyinə dəstək verməsinə nail olmaqdır. Əgər biz bu cür davransaq, kənardan təlimat alan qərəzli güclərin də fəaliyyəti əhəmiyyətli olacaq. 85 milyon Anadolu insanı ilə 10 milyonluq Azərbaycan xalqı bütünləşib. Türkiyə və Azərbaycan dövlətlərinin strukturları təkcə siyasi-hərbi sahədə deyil, iqtisadi sahədə də də bütünləşib. Azərbaycanın Türkiyədə təxminən 25 milyard dollarlıq sərmayəsi var. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bizim bir ailəmiz var və onu mümkün qədər gücləndirməliyik və strateji müttəfiqliyin inkişafına töhfələrimizi verməliyik".