Parlamentari: Fransa öz-özünü ifşa edir

Əmin olsunlar ki, COP29 əleyhinə atılacaq hər addım, həyata keçirilən qarayaxma kampaniyası bumeranq kimi Fransanın özünə dönəcək


Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını “France24” kanalı da davam etdirib. Kanal COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin “mübahisəli” olmasından bəhs edib. Səbəb kimi isə Qarabağın “blokadası” və 2023-cü ilin sentyabrında gedən döyüşlərin “əhali”nin “məcburi” köçkünlüyünə gətirib çıxarmasını göstərib. Rəsmi İrəvanın belə bir iddiada olmamasına baxmayaraq, “France24” ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına “qoyqırım” adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib. Kanal sabiq prokurora nədənsə çox yer ayırıb və onun keçmiş qondarma qurumun rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını efirə verib. Maraqlıdır ki, Ruben Vardanyan da “xeyriyyəçi iş adamı” kimi təqdim edilib. Halbuki Vardanyanın Rusiya hakim dairələrinin çirkli pullarının yuyulmasında müstəsna xidməti və bu şəxsin qara işləri haqqında Qərb mediası və araşdırmaçıları tutarlı faktlarla dəfələrlə çıxış ediblər. Görünür, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil. Bütün tədbirlərdən - istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməkdə maraqlıdır. 

Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Fransa bütün vasitələri siyasətə alət etməyə çalışır. Deputatın sözlərinə görə, hətta Paris Olimpiya Oyunları zamanı belə Azərbaycan nümayəndə heyətinin keçişini televiziyaların ilə ilə Azərbaycana qarşı qarayaxma kampaniyasına çevirməyə çalışdı: 

"Həqiqəti təhrif edərək yanlış ifadələr işlətdilər. Nəticədə nə baş verdi? Fransa öz-özünü ifşa etmiş oldu. İdman oyunlarını təşkil edən beynəlxalq Komitə Azərbaycandan üzr istəmək məcburiyyətində qaldı. Yəni Fransanın cəhdləri uğursuzluğa düçar oldu. Eyni zamanda bu, həm də onun göstəricisidir ki, Fransa diplomatiyası tükənib. Fransa normalda öz diplomatiyasının və xarici siyasətinin görməli olduğu vəzifələri idman yarışları vasitəsilə etməyə çalışırsa və fiaskoya uğrayırsa, bu həm də fransız diplomatiyasının məğlubiyyəti, gücsüzlüyüdür. "France 24" kanalı Azərbaycanda baş tutacaq COP29 tədbirlərinə qarşı indidən qarayaxma kampaniyası həyata keçirməyə çalışır. Olmayan məsələləri, ədalətli şəkildə və beynəlxalq hüquqa uyğun həll edilərək tarixin arxivinə göndərilmiş problemləri yenidən gündəmə gətirməklə onları "vacib problem" kimi təqdim etməyə çalışır. Parisin keçmiş Qarabağ problemindən və ermənilərin "blokadası"ndan söz açması yolverilməzdir. Şübhə yoxdur ki, Paris Olimpiya Oyunlarında, ondan əvvəlki mərhələlərdə Fransanın ermənipərəstliyi Parisin nüfuzuna ciddi xələl gətirir. Əmin olsunlar ki, Azərbaycana qarşı, xüsusən COP29 əleyhinə atılacaq hər addım, həyata keçirilən qarayaxma kampaniyası bumeranq kimi Fransanın özünə dönəcək. Yaxşı olar ki, bu cür addımlardansa, Fransa sülh üçün çalışsın, müharibə və qarşıdurma üçün yox".