İrəvan və Qərbə mesaj: Putin Azərbaycana Ermənistandan daha çox güvənir.

Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfər edəcək. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Qeyd edilib ki, hazırda bu səfərə hazırlıq işləri aparılır.
Diplomatik mənbələrdən xəbəri saytımıza təsdiqləyiblər. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Vladimir Putinin Bakıya gəlmə xəbəri Azərbaycanı dünya ictimaiyyətinin gözündə neqativ nöqteyi-nəzərdən qələmə verəcək:

“COP29 ərəfəsində bütün dünya liderlərinin Azərbaycana axın etdiyi və Ukrayna müharibəsindən dolayı Rusiya tərəfindən bir çox dövlət məmuruna qarşı sanksiyalar tətbiq olunduğu dönəmdə Putinin gəlişi pozitiv hal deyil. Əlbəttə ki, bu Rusiyanın xarici siyasətidir. Böyük ehtimalla rəsmi Moskvadan Azərbaycana təklif gəlib və Bakı da həmin müraciəti qəbul edib. Burada Bakının öz maraqları mövcuddur. Ermənistan Roma statutu deyilən qanun qəbul edib. Həmin qanuna görə Vladimir Putin Ermənistana gedərsə, onu həbs edərək Beynəlxalq Ədalət Məhkəməsinə verəcəklər. Azərbaycanda isə Putin üçün belə təhlükə yoxdur. Birincisi Azərbaycan Roma statutuna imza atmayıb. Digər tərəfdən isə Putin Azərbaycana Ermənistandan daha çox güvənir. Azərbaycan üçün isə bu çox önəmli vəziyyətdir. Çünki Amerikanın təyyarəylə Ermənistana silah göndərdiyi zamanda Rusiyanın Azərbaycan tərəfində olması rəsmi İrəvan və Qərb dairələrinə ciddi mesajdır. Yəni Amerika Ermənistanla hansı hoqqalardan çıxırsa, çıxsın Rusiya Azərbaycanın arxasında dayanacaq şəklində ismarıcdır. Beləliklə Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun Azərbaycana gəlməsinin Vladimir Putinin Bakıya səfərinə hazırlıq məqsədilə həyata keçirildiyini görürük. Eyni zamanda Putinin gəlişi taktiki olaraq Azərbaycanın leyhinə, strateji olaraq əleyhinə olduğunu düşünürəm".