İrəvan Minsk qrupunun "öldüyünü" qəbul edirsə... - RƏY

Azərbaycanın qəti mövqeyi ortadadır

Əgər İrəvan Minsk qrupunun "öldüyünü" qəbul edirsə, onu "dəfn etməkdə" tərəddüd etməməlidir

  İrəvan Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət tələbinə münasibət bildirib. Ermənistanın Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər: “Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması kontekstində baxa bilər”. Qeyd edək ki, Ermənistanın Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edib-etməməsi, İrəvanın niyə Minsk qrupunun buraxılmasına razı olmaması ilə bağlı qeyri-müəyyənlik var. Bundan öncə İrəvan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməli olduğuna dair açıqlamalar səsləndirirdi. Bir qədər əvvəl Ermənistan parlamentinin deputatı Armen Xaçatryan açıqlama verərək, ATƏT-in Minsk qrupunun yalnız sülh müqaviləsi imzalandığı təqdirdə ləğv ediləcəyi barədə açıqlama vermişdi. Xatırladaq ki, Prezident İlham Əliyev iki ay öncə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən təsisatla bağlı iradlarını açıq ifadə etmişdi. Dövlət başçısı qeyd etmişdi ki, Minsk qrupunun həmsədrlik mexanizmi yarandığı gündən etibarən münaqişənin nəticələrinin aradan qaldırılması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Ölkə rəhbəri həmin görüşdə və sonrakı günlərdə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının çatdığını dəfələrlə vurğulamışdı. Əslində sülhdə səmimi olarsa, Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a deyib ki, Ermənistan hökuməti bir çox mühüm məsələdə yersiz tərəddüdləri artıq mövqesizliyə keçib. Partiya rəhbərinin sözlərinə görə, Paşinyan hakimiyyətinin müstəqil qərar vermək səlahiyyəti yoxdur: 

"Ermənistan öz siyasi iradəsi ilə hərəkət etmir, ona görə də mühüm məqamlarda yekun qərar verməyə, konkret addım atmağa risk etmir. İrəvan kənardan gələn təlimatlar əsasında mövqeyini müəyyənləşdirir. Problem də ondadır ki, Ermənistan bir yox, bir neçə yerdən tapşırıq alır. İrəvan uzun müddət Rusiyadan təlimat alıb. Moskvanın icazəsi olmadan hansısa qərar qəbul etməyib. İndi də Qərbin nəzarəti altındadır. Son dönəmdə Ermənistan tərəfindən nə qədər bəyanatlar səsləndirilib. Gah deyirlər ki, bir ay ərzində sülh sazişini imzalamağa hazırdırlar, gah da deyirlər ki, konstitusiyanı ancaq 2026-27-ci ildə dəyişə bilərlər. Bir açıqlamada sülh sənədinin 80 faiz tamamlandığını iddia edirlər, üç-dörd gün keçəndən sonra fundamental problemlərin qaldığını söyləyirlər. Minsk qrupu ilə bağlı da İrəvan konkret cavab verməyib. Halbuki bir təklifin cavabı anlaşılan olmalıdır - ya hə, ya da yox. Ermənistan tərəfi deyir ki, sülh sazişi imzalanandan sonra həmsədrlik institutunun mənası qalmayacaq. Əgər elədirsə, niyə sazişdən öncə birgə müraciətdən boyun qaçırır? Deməli, gələcəyə yönəlik planları, gözləntiləri var. Ona görə də tələsmirlər. Azərbaycan İrəvanın niyyətlərini gözəl bilir və bu məsələdə haqlı olaraq israr edir".
  A.Nağı vurğulayıb ki, sülh prosesində ən tutarlı və operativ hərəkət edən Azərbaycan tərəfidir: "Bakı sülhün əldə olunması üçün əlindən gələni edir. İrəvan tərəfinin "Zəngəzur dəhlizi və kommunikasiyalar sonraya qalsın" təklifini də qəbul etdik. Çünki sülh prosesinin irəli daşınmasında maraqlıyıq, səmimiyik. Ermənistanın da əlini daşın altına qoymasını istəyirik, daha doğrusu, tələb edirik. Konstitusiya ilə bağlı da qəti mövqeyimiz ortadadır. Əgər İrəvan Minsk qrupunun "öldüyünü" qəbul edirsə, onu "dəfn etməkdə" tərəddüd etməməlidir. Proses Azərbaycanın istədiyi formada gedir və belə də olacaq".