Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana və həmkarı Şavkat Mirziyoyevlə görüşü mühüm detallarla yadda qaldı. Liderlərin səsləndirdikləri bəyanatlar, həmçinin imzalanan sənədlər belə düşünməyə əsas verir ki, ikitərəfli əlaqələr bundan sonra da inkişaf edən templə davam edəcək. Əslində bu, həm də hazırkı geosiyasi reallığın tələbidir.
Azərbaycan dövlət başçısısın Özbəkistana səfəri barədə "Sherg.az"a danışan siyasi şərhçi, "Report" İA- nın əməkdaşı Kənan Novruzov dedi ki, Bakı və Daşkənd həmişə bir- biri üçün əsas tərəfdaş olub:
"İlk növbədə ona görə ki, Azərbaycanla Özbəkistan arasında Azərbaycan və özbək dillərinin yaxınlığı, xalqlar arasında qarşılıqlı hörmət var. Bu, əlbəttə, siyasi əlaqələrin inkişafına da təsir edir. Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında imzalanan müttəfiqlik sazişi davam edən partnyorluq əlaqələrinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir".
Ekspert söyləyib ki, Türk dövlətləri arasında əməkdaşlıq Azərbaycan- Özbəkistan münasibətıərinin inkişafında mühüm rol oynayır:
"Çünki hər iki dövlət Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunur. Odur ki, üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfi təmasların, o cümlədən səfərlərin intensivləşməsi təəccüblü olmamalıdır. Bu, ikitərəfli əlaqələrlə yanaşı, həm də TDT daxilində müttəfiqlik münaibətlərinin inkişafına töhfə verir".
K. Novruzov söylədi ki, rəsmi Bakı nəinki tarixi- mədəni və partnoyorluq əlaqələri olan aktorlarla, bütün dövlətlərlə xoş münasibətlərin inkişafında maraqlıdır:
"Bu, Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Amma nəzərə almaq lazımdır ki, heç də bütün dövlətlər Bakıya qarşı adekvat münasibət göstərmirlər. Özbəkistan isə münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, bu gün Özbəkistan şirkətləri Qarabağdakı yenidənqurma işlərində də iştirak edirlər. Üstəgəl, Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal dövründə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, ikitərəfli əlaqələr bundan sonra da inkişaf edəcək və Daşkənd Bakı üçün mühüm müttəfiq olacaq".