Analitik: Şvabe, həqiqətən də, reallıq hissini itirib

Almaniyadan bu deputat AŞPA-nın bəzi üzv dövlətlərindən fərqli olaraq Azərbaycanın müstəqil siyasət yürüdən suveren dövlət olduğunun fərqində deyil
 
 
 AŞPA-da Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması təşəbbüsü ilə çıxış edən almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli çıxışlarına davam edir. Frank Şvabe son çıxışlarda yenidən Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib.
Qeyd edək ki, ilk hal deyil. Artıq bir neçə ildir ki, Qərb dairələrində Azərbaycana qarşı kampaniya başladılıb. Bunun əsas səbəbi bir çox ölkənin və beynəlxalq təşkilatın rəsmi Bakının geosiyasi proseslərə istiqamət verən aktor olmasını qəbul etməməsi, sadə dillə desək, gözü götürməməsidir. Azərbaycan İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatından sonra regionda yeni reallıqlar yaradıb. Və bu reallıqlar təkcə Cənubi Qafqaz regionunu deyil, bütün dünyanı, fərqli bölgələri əhatə etməkdədir. Bu, bir çoxlarının xoşuna gəlmir. Bəzi siyasətçilər, beynəlxalq təşkilatlar isə bunu açıq-aydın ifadə edir, gizlətməkdən çəkinmirlər.
 F.Şvabenin siyasi keçmişinə nəzər salsaq, cavab sadədir: illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin o, bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə danışmayıb. Qərb dairələri müntəzəm olaraq belə siyasətçilər vasitəsilə Azərbaycana qarşı sanki “səlib yürüşünə” başlayırlar. Belə kampaniyalar adətən ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilmə ərəfəsinə təsadüf edir.

 Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq  Əlisahib Hüseynovun “Sherg.az”a açıqlamasına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe rəsmi Bakının AŞPA-nın bir sıra üzvləri ilə bərabər onun da adını “arzuolunmaz şəxs”lər siyahısına salmasını və ölkəmizə girişini yasaqlamasını hələ də həzm edə bilmir:

 “O, bunu rəsmi Bakı tərəfindən şantaj kimi qiymətləndirir və deyir ki, Avropa Şurası Parlament Assambleyasını şantaj etmək olmaz. Üstəgəl, onu da vurğulayır ki, “Azərbaycan AŞPA-nın bütün qaydalarına hər hansı bir şərt qoymadan əməl etməlidir. Siyasi məhbuslar azad edilməli, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir və təbii ki, giriş qadağası olmamalıdır”.

 Politoloqun fikrincə, F.Şvabenin bu açıqlaması onu göstərir ki, Almaniyadan olan bu deputat, həqiqətən də, reallıq hissini itirib və AŞPA-nın bəzi üzv dövlətlərindən fərqli olaraq Azərbaycanın müstəqil siyasət yürüdən suveren dövlət olduğunun fərqində deyil: 
“Şvabeni qızışdıranlar bu alman solçu-liberal faşistinə onu da başa salmalıdırlar ki, şantaj edən tərəf Azərbaycan yox, AŞPA-nın özü və AŞPA-nın Fransa kimi, Almaniya kimi pərdəarxası “dirijor”larıdır. Lakin artıq AŞPA bürokratları da, bu qurumun F.Şvabe kimi üzvləri də bir həqiqəti dərk etməlidirlər ki, Azərbaycanı nə şantaj etmək, nədəki ona hansısa şərtləri diktə etmək mümkün deyil. AŞPA Azərbaycana şərt qoya bilməz. AŞPA Azərbaycana münasibətdə “qırmızı xətt”i keçməməliydi, lakin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verməklə sözügedən qurum təəssüf ki, məlum “qırmızı xətt”i keçdi. Bu məqamı Prezident İlham Əliyev də bu yaxınlarda İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən vurğulamış və eyni zamanda bildirmişdi ki, AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək: “Bu ilin yanvarında AŞPA “qırmızı xətt”i keçib. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”.

 Dövlətimizin başçısının bu açıqlamasının məntiqindən də bir daha bəlli olur ki, bu gün AŞPA-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində şərt irəli sürə biləcək tərəf AŞPA yox, məhz Azərbaycandır. Azərbaycan Prezidenti həmin çıxışında AŞPA-ya açıq mesaj verdi ki, bu beynəlxalq qurum eyni problemlə üzləşmiş iki ölkəyə - Azərbaycan və Ukraynaya fərqli münasibət sərgiləyə bilməz. AŞPA “ikili standart”lar siyasətindən əl çəkməli və Azərbaycana qarşı subyektiv yanaşmalara son qoymalıdır. Siyasi maxinasiyalarda və korrupsiyada adı hallanan Şvabe kimi təəssübkeşlərin isə Azərbaycanla bağlı fikir bildirməyə mənəvi ixtiyarı yoxdur”.