Sabiq XİN başçısı: İrəvan Kremldən tapşırıq alıb

Ermənistan və Rusiya arasındakı gərginlik sünidir
 
Əslində, İrəvan-Moskva arasında dünya ictimaiyyətinə təqdim olunan "gərginlik" tərəflərin əməkdaşlığını gizlətmək üçün süni cəhdlərdir
 
“Hansı gərginlikdən söhbət gedə bilər ki, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr inkişaf yolundadır. Hərbi təhlükəsizlik sahəsində heç bir dəyişiklik də baş verməyib”
 

Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxladığı dövr ərzində Azərbaycana ciddi maddi zərər dəyib. Ümumi hesablamalara əsasən, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycana 800 milyard dollara yaxın zərər vurub. Bu zərər həm hərbi təcavüz zamanı, həm də işğal dövründə baş verib. Ölkəmizin enerji və təbii resursları 30 il ərzində qanunsuz olaraq istismara məruz qalıb, tarixi və mədəni abidələri məhv edilib, fauna və florasına dərin ziyan vurulub. Bunların hamısına görə Ermənistan dövləti Azərbaycan qarşısında təzminat öhdəliyi daşıyır. Yəni Ermənistanın kompensasiya ödəmə məcburiyyəti var. Belə hallara tarixdə rast gəlinib. Nasist Almaniya Polşaya törətdiyi əməllərə görə 1,3 trilyon avro kompensasiya ödəyib. İraqın Küveyti işğal etməsi məsələsində BMT tərəfindən komissiya yaradılıb. Zərər müəyyən edilib və 687 nömrəli BMT qərarı ilə İraq Küveytə qarşı kompensasiya ödəməyə məcbur edilib. Sovet Rusiyasına qarşı Almaniyanın öhdəliyi barədə kompensasiya tələbi mövcuddur. 1945-ci ildə Yalta konfransında da bu məsələ qaldırılmışdı. Lakin Almaniyanın kompensasiyanı ödəməyə maddi imkanı olmadığına görə təzminat zavod, fabrik, dəmir yolları və heyvanlarla əvəzlənib. Əsas məsələ təzminatın hansı formada ödənilməsidir, çünki Ermənistan təkcə “müharibə təzminatı” yox, həm də işğal dövründə törətdiklərinin əvəzini ödəməlidir və bu, yüz milyardlarla dollar deməkdir. Bunun bir neçə forması təqdim edilir. Ekspertlərin fikrincə, Ermənistan dövləti ilə bağlanacaq sülh sazişində də kompensasiya bəndi mütləq əksini tapmalıdır. Əgər kompensasiya ödəməklə bağlı Ermənistan dövlətinin maddi resursları çatmırsa, başqa ölkələrdən dəstək almalıdır. Əgər bu da mümkün deyilsə, Ermənistan Azərbaycana qarşı öz suverenliyindən güzəşt etməlidir. Bu, güzəşt müəyyən ərazilərin verilməsi ilə də mümkündür. Yaxud Ermənistan pul və dövlət səhmlərini, eləcə də sənayesini Azərbaycana verə bilər.  

 Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında heç bir nəticə alınmasa və İrəvan yenə də öz məsuliyyətindən boyun qaçırsa, Azərbaycan təzminat məsələsini beynəlxalq məhkəmələrdə qaldırmağa məcbur olacaq. Keçmiş XİN başçısı vurğulayıb ki, Ermənistan hansısa formada məsuliyyətə cəlb edilə bilər: 

"Prosesin təzminat mərhələsinə çatmaq üçün Ermənistan ilk növbədə öz siyasi məsuliyyətini qəbul etməlidir. Çünki məhz Ermənistanın siyasi elitasının addımları ilə bu münaqişə başlayıb və ağır nəticələrə səbəb olub. Bu münaqişəni törədən siyasi qüvvələrin, şəxslərin siyasi məsuliyyəti danışıqlarda əksini tapmalıdır. Bu, həm sənədlərdə, həm də indiki Ermənistan rəhbərlərinin bəyanatlarında özünü ehtiva etməlidir. Təəssüflər olsun ki, biz bunu görmürük. İşğalın bir neçə səviyyəsi var, hərbi, iqtisadi, anneksiyanı təmin edən qanunlar və s. Ermənistan işğalın qalıqlarını aradan götürmək istəmir. Azərbaycan Ordusu bir çox məsələlərdə işğalın qalıqlarını təmizləyib. Ancaq qanunvericilik və iqtisadi sahələrdə, təzminat və siyasi məsuliyyətlə bağlı İrəvan üzərinə düşəni etməyib. İrəvan öz məsuliyyətini qəbul etmək, dərk etmək niyyətində deyil. Prosesi uzatma cəhdləri də bununla bağlıdır. Əfsuslar ki, beynəlxalq qurumlar və bəzi Ermənistanın havadarları da İrəvana dəstək verirlər. Mütəmadi fikirlər səsləndirilir ki, "layiqli sülh" olmalıdır. Nə deməkdir "layiqli" sülh? Yəni sülh kimin üçün layiqli olmalıdır? İşğalçı, yoxsa işğalın qurbanı üçün? Problemlər hələ qalmaqdadır. Əminəm ki, Azərbaycanın siyasəti, siyasi iradəsi bu məsələlərin həllinə gətirib çıxaracaq. Təzminat öncə Azərbaycan-Ermənistan arasında gedən danışıqlar vasitəsilə müəyyən olunmalıdır. Əgər bu alınmasa, o zaman Azərbaycan dövlətinin ixtiyarı var ki, Ermənistana qarşı təzminatla bağlı beynəlxalq qurumlara müraciət ünvanlasın. Vətəndaşlarımız da ayrıca Ermənistan qarşısında təzminat məsələsini qaldıra bilərlər".

 T.Zülfüqarov bəyan edib ki, təzminatla bağlı beynəlxalq təcrübələr mövcuddur:
 "İkinci Dünya müharibəsindən sonra nasist Almaniya bəzi ərazilərindən məhrum edilib. 1990-cı illərin ortalarınadək nasist Almaniyası həm yəhudilərə, həm də digər millətlərə təzminat ödəyib. Bir çox hallarda müharibələrdən dərhal sonra reparasiyalar prosesi həyata keçirilir. Təzminat hüquqi tələbimizdir və haqqımızı tələb edirik. Böyük miqdarda siyasi, iqtisadi, humanitar, mənəvi ziyan dəyib. Günahkar ölkə məsuliyyət daşımalıdır. Ehtimal ki, Ermənistan həmişə olduğu kimi məsuliyyətdən boyun qaçırmaq yolunu seçəcək. İrəvan danışıqlar mərhələsində öhdəliklərə əməl etməsə, beynəlxalq qurumlar vasitəsilə təzminatı təmin edə bilərik. Əlbəttə, beynəlxalq məhkəmələrdən "Ermənistanın pulu yoxdur, əvəzinə torpaq versin" qərarı gözləmək düzgün olmazdı. Ödəniş prosesində Ermənistan özü istəsə ki, hansısa əraziləri versin, Bakı da buna razılıq versə, bu məsələ istisna olunmur. Ermənistan bəyan edir ki, onlar Almatı deklarasiyasının tərəfdarıdır. İrəvan bu sənədi özlərinə uyğun şəkildə şərh edirlər. Özlərini Ermənistan SSRİ-nin varisi kimi təqdim edirlər. Əgər elədirsə, sovetlər dönəmində Bakı-Naxçıvan yolu və İrəvana gedən hissəsi Azərbaycan Dəmir Yolları İdarəsinin tabeliyində idi. Yəni bizim olub, çünki həmin yol Azərbaycan büdcəsi hesabına salınmışdı. Dəmir yolları çəkilərkən onun ətrafındakı torpaq zolaqları da yolun bir hissəsi sayılırdı. Əminəm ki, tərəflər arasında danışıqlarda bu məsələ də müzakirə olunur. Biz öz mülkiyyətimizin qaytarılmasını istəyirik. Münaqişə və ilk toqquşma məhz dəmir yolu üstündə başlayıb. O yoldan gedən qatarları ermənilər daşa basırdılar, əlaqəni kəsirdilər, yolun dəmirlərini sökərək İrana satırdılar. Mülkiyyət məsələsini danışıqlarda aktiv fazaya keçirmək üçün bu mövzunu gündəmdə saxlamalıyıq".

Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən danışan keçmiş xarici işlər naziri qeyd edib ki, sülh sazişində qeyd olunan əsas prinsiplər postkonflikt dövründə gedəcək danışıqları özündə ehtiva edir:
 "Yəni bu prinsiplər qarşıdakı danışıqların hansı siyasi hüquq çərçivəsində gedəcəyini göstərir. Minsk qrupunun fəaliyyətini yada salaq. Onlar da 30 il ərzində əsas prinsipləri müəyyənləşdirməyə çalışırdılar. Madrid prinsipləri və s. gündəmə gətirilirdi. Amma heç nəyə nail olmadılar. İndi tərəflər vasitəçisiz görüşlərlə müəyyən irəliləyiş əldə ediblər. Lakin prinsiplərin yarımçıq qəbul olunması sülhə və sonrakı danışıqlara mənfi təsir göstərəcək. Münaqişənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan ərazilərimizə təcavüz edib, torpaqlarımızı 30 il işğalda saxlayıb. İrəvan bu siyasətdən rəsmi olaraq imtina etməsə, postkonflikt dövrünün mahiyyəti tam dəyişəcək. Təbii ki, Azərbaycan buna razı ola bilməz. Ona görə də Bakı anneksiyanı tamamilə aradan qaldıracaq kompleks təkliflər verir".

Həmsöhbətimiz Rusiya-Ermənistan gərginliyindən də söz açıb və əslində, tərəflər arasında əməkdaşlığın davam etdirildiyini söyləyib:
 "Ermənistan isə ucuz hərəkətlərlə məsuliyyətdən qaçmağa, paralel olaraq isə özünün "sülhpərvər" görüntüsünü yaratmağa çalışır. Yaxşı başa düşürük ki, Paşinyan Rusiyadan təlimatlar alıb ki, prosesdə heç bir irəliləyiş olmasın. Bu oyunu davam etdirirlər. Ümumiyyətlə, Ermənistan və Rusiya arasında olan gərginlik sünidir. Əslində, İrəvanla Moskva arasında dünya ictimaiyyətinə təqdim olunan "gərginlik" tərəflərin əməkdaşlığını gizlətmək üçün süni cəhdlərdir. Hansı gərginlikdən söhbət gedə bilər ki, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr inkişaf yolundadır. Hərbi təhlükəsizlik sahəsində heç bir dəyişiklik də baş verməyib. İllərdir eşidirik ki, Ermənstan KTMT-dən çıxır, Rusiyaya arxa çevirir və s. Ancaq bunları sadəcə eşidirik, heç bir addım atılmır. Açığı, KTMT özü də formal qurumdur, yəni feyk təşkilatdır. Onun hərbi baxımdan əhəmiyyəti sıfır dərəcəsindədir. Ermənistandakı hərbi baza, hərbi hava qüvvələrinin bazası, havadan müdafiə sistemi birbaşa Moskvadan idarə olunur. Coğrafi baxımdan Moskvanın yanında yerləşən bir Mərkəz və Ermənistandakı hərbi sistemlər oradan idarə edilir. Ermənistan və Rusiya aralarında gərginlik olduğu görüntüsünü yaratmağa çalışırlar. Rusiyanın Qərbin sanksiyalarından yayınması üçün Paşinyan məqsədli şəkildə "Qərbyönlü siyasətçi" görüntüsü yaradır".