Birincisi sülh, ikincisi isə Avropaya inteqrasiyadır
Sülh müqaviləsi əldə bayraq edilmədən parlament seçkilərinə gedilməsi Paşinyan üçün yaxşı nəticələnməyəcək
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar olsa da, ciddi maneələr hələ qalmaqdadır. Bu, ilk növbədə Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir. Ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev də bu məqamlara diqqət çəkdi. Vurğuladı ki, əgər Ermənistan tərəfi sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa, təkliflərə 70 gün ərzində cavab verilməsi özlüyündə müəyyən suallar doğurur. Bununla yanaşı, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişiklik İrəvanın daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Bakını narahat edən bir məqam sayılır. Ekspertlərə görə, Ermənistan Konstitusiyasında dəyişikliklər referendum yolu ilə həyata keçirilsə, daha yaxşı olar. Ən azından erməni ictimaiyyətinin də sərsəm "Miatsum"la bağlı mövqeyi, yanaşması qətiləşər. Bütün hallarda İrəvan hökuməti yarımçıq sülh sazişinin imzalanmasında israrlı olmaq əvəzinə üzərinə düşən öhdəlikləri icra etməli, Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymalıdır. Yalnız bundan sonra proses irəliyə doğru daha sürətlə gedə bilər.
Sülh prosesini "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri deyib ki, sülh müqaviləsi sənədində razılaşdırılmayan məqamların içərisində ən əsas şərt Azərbaycana qarşı ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasıdır. Ekspertə görə, üstəlik, digər qanunverici hüquqi normativlərdə də ərazi iddiaları ilə bağlı sənədlər var:
"Bunların hamısı aradan qaldırılmalıdır. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi tamamilə müəyyənləşmədən, sərhədlərlə bağlı hansısa rəqəmlərin ifadəsi yekun sülh sənədində necə əks oluna bilər? İrəvan 1991-ci il Almatı Bəyannaməsinə söykənərək müəyyən rəqəmləri səsləndirir və Ermənistan ərazisinin o cür tanınmasını istəyir. Paşinyan hökuməti bununla özünü zəmanət altına almaq niyyəti güdür. Amma 1991-ci ildə Almatı Bəyannaməsini imzalayan Ermənistan qısa müddət sonra Azərbaycan ərazilərinin işğalına başladı, torpaqlarımıza təcavüz etdi. Bir tərəfdən Azərbaycanla SSRİ-nin inzibati sərhədləri çərçivəsində tanınma məsələsini gündəmə gətirir, digər yandan Azərbaycanın keçmiş "Dağlıq Qarabağ"dan kənarda 7 rayonunun işğalına başlayır. Bu, birmənalı olaraq Ermənistan dövlətinin özünün imzaladığı sənədi təkzib etməsidir. Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə kifayətlənmədi. Paralel olaraq zəbt etdiyi ərazilərin ilhaq olunması və beynəlxalq səviyyədə təsdiqlənməsi siyasətinə baş vurdu. İllərlə bu siyasəti yürütsələr də, istəklərinə nail ola bilmədilər. Yəni bu gün İrəvanın hər fürsətdə istinad etdiyi Almatı Bəyannaməsini pozan, təkzib edən tərəf məhz Ermənistan olub. 1991-ci il Almatı Bəyannaməsi Ermənistanın əməllərini, niyyətini sığortalamır. İrəvan özünün imzaladığı sənədə asanlıqla tüpürür".
Analitik vurğulayıb ki, indiki mərhələdə, hansısa yarımçıq sülh sənədinin imzalanması qeyri-mümkündür: "Sülh müqaviləsinin imzalanma prosesində diktə edən tərəf qalib Azərbaycan olmalıdır. Ermənistanın nəyisə diktə etməsindən söhbət gedə bilməz. Əgər İrəvan reallıqda sülh sazişinin imzalanmasını istəmir, sadəcə zamana oynayırsa, Azərbaycan üçün heç bir problem yoxdur. 30 il ərzində bütün kommunikasiyalar necə bağlı qalmışdısa, bundan sonra da eyni vəziyyət davam edə bilər. Amma Ermənistan üzərində təzyiqlər də davamlı olacaq. Bu təzyiqlər sadəcə Azərbaycanla bağlı deyil. Həmçinin Türkiyə və gələcək perspektivdə Rusiya səviyyəsində də İrəvana təzyiqlər gündəmdədir. Nikol Paşinyanın 2026-cı ildə parlament seçkilərinə hansı şərtlər əsasında gedəcəyi də önəmlidir. 2021-ci il növbədənkənar parlament seçkisində Paşinyanın ölkəyə sülh gətirəcəyi ilə bağlı ermənilərə verdiyi vədlər var. Baş nazir ermənilərə iki vəd verib, birincisi sülh, ikincisi isə Avropaya inteqrasiyadır. Sülh müqaviləsi əldə bayraq edilmədən parlament seçkilərinə gedilməsi N.Paşinyan üçün yaxşı nəticələnməyəcək. Nikol Paşinyan üçün sülh çox önəmlidir. Görünən isə odur ki, Paşinyan mövcud şərtlər altında özünü sığortalayaraq, Ermənistanın ərazi bütövlüyünü "təmin edərək" seçkilərə getmək istəyir. Ancaq Bakının şərtlərinin qəbul edilməsi mütləqdir. Boğazdan yuxarı açıqlamalarla, sadəcə daxili auditoriyaya hesablanmış bəyanatlarla yol qət etmək, sülh sazişini imzalamaq mümkünsüzdür. Konkret prinsipləri özündə ehtiva edən çərçivə sazişinin imzalanma ehtimalı var. Bu da İrəvanın öz üzərinə zamanı göstərilməklə konkret öhdəliklər götürməsi ilə reallaşa bilər".