Yeganə çıxış yolu
İranın Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb
Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə imzalanmasını istəyir. Bu barədə “Hraparak”ın məqaləsində qeyd olunub. Erməni nəşri yazıb ki, ötən həftə Türkiyə və Ermənistan liderlərinin Nyu-Yorkda (ABŞ) baş tutan görüşündə sülh və Zəngəzur dəhlizi məsələləri müzakirə olunub: “Türkiyə hökumətinin press-relizində qeyd olunur ki, Baş nazir Paşinyan Prezident Ərdoğana Ermənistan-Azərbaycan nizamlanması prosesinin hazırkı vəziyyəti, müqavilə imzalamağa hazır olması, həmçinin Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi barədə məlumat verib. Ərdoğanın görüşdən sonra verdiyi açıqlamadan belə məlum olur ki, Paşinyan Türkiyə dövlətinin başçısından Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində vasitəçilik etməyi xahiş edib. Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib: “Ermənistan baş naziri Türkiyənin Azərbaycanla sülhün bərqərar olmasına yardım etməsini istəyir ki, iki qonşu yanaşı, dinc yaşaya bilsin. Biz də buna çalışırıq”. Ərdoğan qeyd edib ki, iki ölkə arasında sülh yeni imkanlar və nailiyyətlər üçün qapı açacaq və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də buna uyğun irəliləyəcək. Artıq bir neçə gündür Ermənistan hakimiyyətinin yuxarı eşalonu Paşinyan-Ərdoğan görüşü ilə bağlı bir sıra məsələləri diqqətlə müzakirə edir”. Nəşr onu da vurğulayır ki, Ərdoğan sülh müqaviləsinin imzalanmasına nail olsa, Ermənistanda Rusiyanı Türkiyə əvəzləyəcək. “Hraparak” hesab edir ki, Paşinyan qarşıdakı seçkidə bu müqavilədən növbəti qələbəsini rəsmiləşdirmək üçün istifadə edəcək: “Bununla da, Qərbin məqsədi həyata keçəcək. Yəni 10 noyabr bəyanatının əksinə olaraq, Zəngəzur dəhlizinə nəzarət Rusiya sərhədçilərinə yox, xüsusi mühafizə şirkətinə veriləcək. Bu, sözün əsl mənasında Rusiyanın regiondan (Ermənistandan) çıxarılması deməkdir. Bu çərçivədə Paşinyanın Ermənistan-Rusiya dövlətlərarası müqaviləsini də pozacağı istisna edilmir”. Mənbə Qərbin bu anlamda Türkiyəyə dəstək verdiyini iddia edir: “Paşinyan nəhayət rusları türklərlə əvəzləmək niyyətindədir. Maraqlıdır ki, Qərb də bu ssenarini dəstəkləyir. Təsadüfi deyil ki, Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin regionda sülhün bərqərar olunmasında mühüm vasitəçi olduğunu bəyan edərək, Türkiyənin Ermənistan və Azərbaycan arasında tarixi sülhə töhfə verə biləcəyini vurğulayıb”.
Politoloq Elxan Şahinoğlu deyib ki, İranın mərhum Prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirmişdi. Ekspertin sözlərinə görə, İbrahim Rəisi Tehranda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını iddia etmiş və İranın buna qəti şəkildə qarşı olduğunu vurğulamışdı:
"NATO-nun Zəngəzur dəhlizinə nə aidiyyəti var, bunun izahını kimsə verməyib. NATO-nun Zəngəzur dəhlizinə aidiyyəti varsa, Çin öz mallarını Orta Dəhlizlə (Zəngəzur dəhlizi bunun tərkib hissəsidir) Avropa ölkələrinə daşıyarmı? NATO ilə Zəngəzur dəhlizi arasında əlaqə yaratmaq məntiqə sığmır. İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra da iranlı rəsmilər, diplomatlar və mollalar Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına ara vermədilər. Ermənistanın Baş naziri Nikol Paşinyan Məsud Pezeşkianın Tehranda andiçmə mərasimi çərçivəsində ali dini lideri Əli Xamaneyi ilə görüşdü. Paşinyan Zəngəzur dəhlizi barədə fikir söyləməzkən, Əli Xamaneyi bu dəhlizin reallaşmasının əleyhinə olduğunu vurğuladı. Paşinyan Xamaneyinin bu sözlərinə reaksiya vermədi, çünki bu dəhlizin İrana dəxli yoxdur, nəqliyyat yolu Ermənistan ərazisindən keçəcək".
Analitik vurğulayıb ki, İran Prezidenti Məsud Pezeşkian bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib: "Görünür, Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə, o, bu barədə açıqlama vermək istəmir. Əks halda o, İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək. İranın başı dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb. İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, onların Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb. Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi və hərbi dairələr ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib. Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər, bu, Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir".