Moskva İrəvana mesaj ötürür ki, sənin arxayın olduğun İran da Kremlin təsirindən kənarda qala bilməz
Rusiyanın Baş naziri Mixail Mişustin İrana və Ermənistana səfər edib. Baş nazir birinci İrana gedib və prezident Məsud Pezeşkianla görüşüb. Mişustin Rusiya-İran münasibətlərinin müxtəlif sahələrdə böyük perspektivlərə malik olduğunu qeyd edib. Bildirib ki, 7 ay ərzində ticarət dövriyyəsi 6,5 faiz artmasına baxmayaraq, Rusiya ilə İran arasında enerji, nəqliyyat, sənaye, ticarət, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Baş nazirin sözlərinə görə, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar zamanı hər iki ölkəni maraqlandıran məsələlər müzakirə edilib. Mişustin qeyd edib ki, İrandan nəqliyyat qovşağı kimi istifadə imkanları nəzərdən keçirilib. Baş nazir Tehrandan sonra İrəvana yollanıb və erməni rəsmilərlə görüşlər keçirib. Şərhçilərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşsa da, Avrasiya İqtisadi Birliyindən faydalanmaqda davam edir. Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı aşağı səviyyəyə endirir, bu ölkə ilə iqtisadi əlaqələrini isə əksinə, gücləndirir, ticarət mübadiləsinin həcmi ilbəil artır. Ekspertlərin fikrincə, Mişustinin Tehrandan İrəvana keçidinin bir başqa əhəmiyyəti də var. Hindistan İranın Çabahar limanını icarəyə götürüb. Bu limandan həm Rusiya, həm də Ermənistan istifadə etmək istəyir. Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin sədri Samir Hümbətov "Sherg.az"a deyib ki, Rusiyanın Baş naziri Mixail Mişustinin İran və ardınca Ermənistana səfəri son günlər regionda artan gərginliklə əlaqədardır. Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanla Rusiya ortaq fikirdə olsa da, İran və Ermənistan fərqli mövqe sərgiləməkdədir:
"Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılması məsələsində ortaq məxrəcə rahatlıqla gələ bilir. Amma İranın müqaviməti və sırf dəhliz söhbətinə görə həm Moskvaya, həm də Bakıya qarşı sərt ritorikası ortadadır. Əlbəttə, Tehranın yanaşması Kreml üçün qəbuledilməzdir. Nəzərə alaq ki, Rusiya ilə İran arasında strateji müttəfiqlik mövcuddur. İranın dəhlizin açılmaması yönündə israrı ilk növbədə Rusiyanın bölgədəki maraqlarına zərbə vurur. Mişustini İrana gətirən səbəblər bunlardır. Şübhə yox ki, səfər çərçivəsində Zəngəzur dəhlizi məsələsi əsas müzakirə mövzusu olub. Amma Rusiya-İran arasında iqtisadi əməkdaşlıq da önəmlidir". S.Hümbətov əlavə edib ki, Rusiya baş nazirinin İrandan Ermənistana səfər etməsi mesaj xarakterlidir: "Moskva İrəvana mesaj ötürür ki, "sənin arxayın olduğun İran da Kremlin təsirindən kənarda qala bilməz. Yəni göstərir ki, İranı hətta narazı olduğu məsələdə belə müxtəlif üsullarla masaya əyləşdirmək mümkündür. Rusiya təmsilçisinin Tehran və İrəvana gəlişinin nəticələrini qarşıdakı günlərdə daha aydın görəcəyik. Hər iki paytaxtın atacağı addımlardan bizə məlum olacaq ki, Mişustinin səfərinin arxa planı nələrdən ibarət imiş".