Onun baş katib olması ilə təşkilatın siyasətində dəyişiklik olmayacaq
“NATO-nun ümumi, dəyişməz siyasəti var. Bu siyasəti də ABŞ təyin edir və digər Avropa ölkələri də ona qeyd-şərtsiz riayət edir”
NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib. Stoltenberq rəsmi olaraq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verərək 10 illik verərək Brüsseldəki mənzil-qərargahını tərk edib. Yeni Baş katib Mark Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib. Hollandiyalı siyasətçi alyansın 14-cü lideridir. Onun mandatı beş ildir və uzadıla bilər. Ruttenin 57 yaşı var. NATO-nun baş katibi vəzifəsinə təyin olunana qədər o, 14 ilə yaxın Hollandiyanın baş naziri vəzifəsində çalışıb. Avropa arenasında praqmatizmi ilə tanınır. Rutte 2018-ci ildə Ağ Evdə keçirilən görüşdə ovaxtkı ABŞ Prezidenti Donald Trampın Aİ və ABŞ arasında ticarət sazişi imzalamasa belə, nəticənin yenə də müsbət olacağı barədə bəyanatına kəskin etirazı ilə də yadda qalıb. “Bu, müsbət nəticə olmayacaq, biz bununla bağlı nəsə etməliyik” deyən Rutte Trampın işini bitirməsinə mane olub. Ruttenin Rusiyaya münasibəti 2014-cü ilin iyulunda Ukraynada "Boeing 777"nin qəzaya uğramasından sonra xeyli dəyişib. O vaxtdan bəri Hollandiya Rusiyanın Avropa İnsan Haqları Məhkəməsində məsuliyyətə cəlb olunması üçün əlindən gələni edir. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ruttenin başçılığı ilə Hollandiya Kiyevə mümkün yardımın göstərilməsinin ən qızğın tərəfdarlarından birinə çevrilib. Bundan başqa onun Türkiyə ilə isti münasibəti də var. Amma ekspertlər hesab edirlər ki, səlahiyyətlərin Rutteyə verilməsi Rusiya üçün heç nəyi dəyişməyəcək. Yəni NATO-nun Moskva ilə bağlı siyasəti olduğu kimi qalacaq.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Niderland iqrçiliklə, islamofobiya, türkofobiya ilə tanınan ölkədir. Ekspert bildirib ki, Niderland İkinci Qarabağ müharibəsində də anti-Azərbaycan mövqe nümayiş etdirib, erməniləri dəstəkləyib:
"Amma Niderlandın Baş naziri Mark Rutte bu məsələlərdə nisbətən loyal, orta mövqe tutmağa çalışırdı. Tutduğu vəzifə baş naziri buna vadar edirdi. Böyük ehtimal Rutte NATO baş katibi kimi də orta mövqedə dayanacaq. Onun baş katib olması ilə təşkilatın siyasətində dəyişiklik olacağını düşünmürəm. NATO-nun ümumi, dəyişməz siyasəti var. Bu siyasəti də ABŞ təyin edir və digər Avropa ölkələri də ona qeyd-şərtsiz riayət edir. Vaşinqtonun məsələlərə yanaşması da bizə bəllidir. Ona görə də qurumun başında Stoltonberq, yaxud Ruttenin olması heç nəyi dəyişmir. Çünki sədrlərin müstəqil siyasəti yoxdur. ABŞ-də keçiriləcək prezident seçkisindən sonra Ağ Evin yeni rəhbəri NATO-nun da Cənubi Qafqaz, Yaxın Şərq siyasətini müəyyənləşdirəcək".