Sülh müqaviləsi bağlandıqdan sonra ilk addım atılacaq
"Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilər". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınmasına çağırış edib:
"Qərb ölkələri məhz Türkiyəyə təzyiq etmək üçün ŞKTC-ni tanımır. Baxmayaraq ki, Türkiyə Qərblə birgə Makedoniyanın müstəqilliyini tanıyıb. Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərliyi Türkiyənin tərkibinə qatılmaq və federasiya idarəetmə üsulunda maraqlıdır. Amma Ərdoğan bu ideyanı qəbul etmir. Çünki Türkiyə unitar respublikadir. Federasiya quruluşunun tətbiq edilməsi bu ölkənin suverenliyini və təhlükəsizliyini təhdid edə bilər. Ona görə də türk dövlətləri cənab Ərdoğanın çağırışına qoşulmalıdır. Azərbaycan ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda qəbul edilməsinə nail olub. ŞKTC prezidentini rəsmi səviyyədə qəbul edərək, Türk Dövlətləri Təşkilatının konfransında iştirakını təmin edib".
Ekspertin fikrincə, Bakının ŞKTC-ni tanıması istiqamətində heç bir siyasi və hüquqi problemi yoxdur: "Bu gün Kipr yunanı və Yunanıstan Ermənistanla hərbi əməkdaşlıq edir. Bu ölkənin silahlanmasına köməklik göstərir. Yunanıstanın bununla bağlı mövqeyi bizim üçün əhəmiyyət kəsb etməməlidir. Azərbaycan Qarabağ münaqişəsini həll edib və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra, rəsmi Bakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini rəsmən tanınması istiqamətində addımlar atmalıdır. Bundan sonra digər Türk ölkələri - Qazaxıstan, Özbəkistan və Qırğızıstan da analoji addım ata bilər. Təbii ki, Türkmənistanın da bu prosesə qoşulması mümkündür. Türkiyənin güclənməsi və Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılması üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması zəruridir".