İrəvan hökumətinin qayəsi Azərbaycanı hədəfə gətirməkdir
Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O bildirib ki, hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib: "Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq".
Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib ki, indiki mərhələdə sülh sənədinin açıqlanması diplomatik baxımdan düzgün olmaz. Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib. Həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az”a deyib ki, son günlər verilən davamlı açıqlamalardan aydın olur ki, Ermənistanın əsas məqsədi sülhün imzalanması deyil. Deputatın sözlərinə görə, İrəvan hökumətinin qayəsi Azərbaycanı hədəfə gətirməkdir:
"Ermənistanın siyasi rəhbərliyi bütün dünyaya mesaj verir ki, guya sülh istəyən və bu istiqamətdə irəliləyişə təşəbbüs göstərən məhz İrəvan hökumətidir. Guya Bakı sülhdən qaçır. Məqsəd Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, nüfuzuna xələl gətirməkdir. Bu, Ermənistanın növbəti məkrli gedişidir. Azərbaycana qarşı açıq təxribatıdır. Hazırda sülhün imzalanmasına mane olan ölkə Ermənistandır. Çünki Bakının haqlı tələblərinə rəğmən, öz konstitusiyasını dəyişməyən tərəf məhz Ermənistandır. Hansı sülhdən söhbət gedə bilər ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı aşkar ərazi iddiaları qalmaqdadır. Söhbət ondan gedir ki, sabah sülh müqaviləsi imzalansa, Ermənistanın konstitusiyası əsas qanun kimi sülh sazişindən üstün sayılacaq".
Parlamentari qeyd edib ki, indiki halda yarımçıq sənədin imzalanması gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının yenidən gündəmə gəlməsini istisna etmir:
"Ona görə də Azərbaycan haqlı olaraq natamam sülh sənədinə imza atmır. Əgər Ermənistan real və qalıcı sülhdə maraqlıdırsa, o zaman Bakının şərtlərini qəbul etməlidir. Əks halda hansısa sülh müqaviləsindən söhbət gedə bilməz. Əfsuslar ki, Qərb dairələri də Ermənistanı təşviq etməkdədir. Onların məqsədi Cənubi Qafqazda öz maraqlarını təmin etməkdir. Bunlar isə Azərbaycana maraqlı deyil. Biz yarım-yapalaq sülh müqaviləsinin imzalanmasını istəmirik. İmzalanacaq sülh sənədində bütün əsas məqamlar öz əksini tapmalıdır".