Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
"Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur”
Tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan Türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötdü. 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub. Artıq Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin müzakirəsi ictimaiyyət üçün maraqlıdır. Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Dövlət başçısı çıxışlarında vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdi və bu inkişaf təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra ṣəhərlərdə, Bakıda, Astanada, Daşkənddə bu təşkilatın qurumları var. Azərbaycan-Türkiyə iş birliyi, hərbi və siyasi birliyi artıq nümunədir. Özbəkistan, Qazaxıstan və Azərbaycan birgə təlimlər keçirir. Türk dövlətləri həmrəy şəkildə hərbi sənayenin inkişafına çalışırlar. Artıq latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alınıb və bu istiqamətdə iş tamamlanıb. Bundan başqa, gələcəkdə ölkələrarası tələbə mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Bildiyimiz kimi, Avropada “Enactus” proqramı var. Türk Dövlətləri Təşkilatını əhatə edən ölkələr də buna bənzər proqram yaratmaq istəyirlər. Bu proqramla gənclər bir-birilərinin mətnlərini, ədəbiyyatlarını oxuyacaq. Ümumilikdə, bütün bu tədbirləri reallaşdırmaqda əsas məqsəd türk birliyinin möhkəmlənməsinə xidmət etməkdir”.
Millət vəkili Vüqar Bayramov deyib ki, 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir. Deputat vurğulayıb ki, türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir:
"Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Türk dövlətləri iqtisadiyyatlarının son illər daha da güclənməsi müşahidə olunmaqdadır. Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır. Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı".