Məsələ 300 minə yaxın Qərbi azərbaycanlının doğma yurdlarına geri qayıtmasıdır
Qərbi Azərbaycan İcması (QAİ) ABŞ hökumətini deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırıb. İcma yaydığı bəyanatda ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın "Dağlıq Qarabağda" insan hüquqları və humanitar hüquqların pozulmasına istinad etməsini qınayıb. Vurğulanıb ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir region mövcud deyil: "ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməmişdir. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir". Həmçinin bildirilib ki, ABŞ-nin Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına onilliklər ərzində göz yumması fonunda bu bəyanat, azərbaycanlılara qarşı etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin bariz sübutudur: "Ermənistandan axırıncı deportasiya zamanı qovulmuş 300 000-dən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. Keçmiş işğal altında olan Azərbaycan torpaqlarından qovulmuş 700 000-dən çox azərbaycanlı otuz il ərzində geri qayıda bilməyib. Həmin ərazilər işğaldan azad olunsa da, oraların Ermənistan tərəfindən viran qoyulması və orada milyonlarla mina basdırılması səbəbindən keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı çətinləşib. Biz ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa, bölgədə yenidən münaqişə alovlandırmaq cəhdlərindən əl çəkməyə və deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırırıq".
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan münaqişəsi 1992-ci ildə başlamayıb, bu problem 1988-ci ildən vüsət alıb. General vurğulayıb ki, 1988-ci ildən etibarən 300 minə yaxın Azərbaycan türkü Ermənistandan, öz tarixi yurdlarından, ana Vətənlərindən, laylalarla böyüdükləri doğma ocaqlarından zorla qovulublar:
"Nəticədə yüzminlərlə azərbaycanlı köçkün vəziyyətinə düşdü. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ilə Qarabağ öz sahibinə qayıtdı. Ermənistan hökuməti COP29-a qədər sülh sazişinin imzalanmasında israr edərək tərəflər arasındakı ciddi problemləri görməzdən gəlir. İrəvan oynadığı tamaşalarla həqiqətləri unutdurmağa çalışır. Ancaq Ermənistanın təşəbbüsləri mənasızdır. Cənab Prezident İlham Əliyevin xalq ozanı Aşıq Ələsgərin abidəsinin açılışında vurğuladığı kimi, indi yeni hədəf indiki Ermənistandan didərgin salınan, tarixi torpaqlarından qovulan azərbaycanlıların geri qayıdışını təmin etməkdir. Ermənistan isə bunu "ərazi iddiası" kimi qələmə verməyə çalışır. Əlbəttə, burada heç bir ərazi iddiasından söhbət gedə bilməz. Məsələ 300 minə yaxın azərbaycanlının doğma yurdlarına geri qayıtmasıdır. Bu, onların təbii haqqıdır və gec-tez reallaşmalıdır. Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti, Qərbi Azərbaycan İcmasının yaradılması, konsepsiyanın, proqramın hazırlanması və ümumi fəaliyyət nəticəsində bu qayıdışın baş tutacağına əminik. Bizə Fərqanə vadisinə, Orxon çayına getməyi tövsiyə edənlərə özlərinin haradan gəldiyini unutmamağı məsləhət görürük. Ermənistan çox təhlükəli oyun oynayır. İnsanların öz doğma torpaqlarına qayıtmaq istəməsi qədər təbii hadisə yoxdur. Azərbaycan dövləti bu məsələdə hər zaman çox humanist davranıb. Qarabağı könüllü tərk etmiş ermənilərə orada qalmaları üçün hər cür şərait yaradılmışdı. Lakin Azərbaycanın haqlı tələblərini qəbul etməyən ermənilər öz xoşları ilə Qarabağdan getməyi seçiblər. Qalmaq istəsəydilər getməzdilər. Amma azərbaycanlılar yurdlarına geri dönmək niyyətindədir. Bu yolun geri dönüşü yoxdur".