Bilir ki, bütün qonşu ölkələrə ərazi iddiasında olmaq fəlakət gətirəcək məsələdir
Baş nazir hər fürsətdə bəyan edir ki, Ermənistan cəmiyyətini virtual, xəyali ölkədən real dövlətə çevirmək lazımdır
3200-dən çox Qarabağ ermənisi Ermənistan vətəndaşlığını qəbul edib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəis müavini Nelli Davtyan bildirib. Onun sözlərinə görə, ümumilikdə 4918 nəfər vətəndaşlıq almaq üçün müraciət edib, daha sonra 83 nəfər ərizəsini geri götürüb. Davtyan qeyd edib ki, müvəqqəti müdafiə statusu almaq üçün Qarabağ ermənilərindən də miqrasiya orqanlarına 112 min 233 müraciət daxil olub. Bu faktın özü Qarabağı könüllü tərk etmiş ermənilərin qayıtmaq niyyətində olmadığını göstərir. Ancaq bəzi Qərb dairələri bu amildən məqsədli və qərəzli şəkildə öz maraqları naminə istifadə edirlər. Məsələ ondadır ki, son İrəvan hökuməti də "Miatsum" və ermənilərin Qarabağa qayıdışı söhbətini gündəmdən çıxarmağa çalışır. Baş nazir Nikol Paşinyan özü dəfələrlə bəhs edilən mövzuları nağıl, xülya adlandırıb və hökumətin prioriteti olmadığını söyləyib. Xatırladaq ki, sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqləyib. Beləliklə, rəsmi İrəvan məhkəmə qərarı ilə qondarma “miatsum”dan - Qarabağın Ermənistana birləşməsi ideyasından imtina etdiyini elan edib. Onu da qeyd edək ki, ləğv edilmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan fəal şəkildə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, son vaxtlar mütəmadi olaraq Ermənistanın müxtəlif siyasi qüvvələri ilə görüşür, seçkilərdə iştirak üçün koalisiya yaratmağı təklif edir. Babayan İrəvanda fəaliyyətini davam etdirən keçmiş qondarma qurumun QHT-yə çevrilməsinin tərəfdarıdır. Erməni mediası bunun Nikol Paşinyan hökumətinin planı olduğunu, məqsədin separatçı ünsürlərin fəaliyyətlərinə birdəfəlik son qoymaq olduğunu iddia edir.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, baş verənlər Paşinyanın real Ermənistan layihəsi ilə bağlıdır. Analitik vurğulayıb ki, Paşinyan hər fürsətdə bəyan edir ki, Ermənistan cəmiyyətini virtual, xəyali ölkədən real dövlətə çevirmək lazımdır:
"Faktiki olaraq xəyali "Böyük Ermənistan" insanları şovinizmə, iqrçiliyə sürükləyir. Ermənilər bütün resurslarını bu uğurda xərcləyir və nəticədə heç nə əldə etmirlər. Ermənistan demək olar ki, məhv olub, dağıdılıb, bu gün real sərhədlərə malik deyil. Ancaq mümkündür ki, Ermənistan xalqı öz real dövlətini qursun və gücləndirsin. Bunun üçün də Tiqrandan, "Dənizdən dənizə Ermənistan" nağıllarından qurtulmaq lazımdır. Real Ermənistanın sərhədləri təxminən 29 min kv.km-dir. Paşinyanın bununla bağlı çıxışları çoxdur. Baş nazir tənqidlərə məruz qalsa da, tərəfdarları kifayət qədərdir. Paşinyan hesab edir ki, Ermənistan dövlətçiliyini qorumaq daha vacibdir. Bilir ki, bütün qonşu ölkələrə ərazi iddiasında olmaq fəlakət gətirəcək məsələdir. Baş nazir özü də "Miatsum"un zərərli ideya olduğunu etiraf edir. Ona görə tədricən ərazi iddialarına son verməli, konstitusiya dəyişikliyinə getməlidir. Əgər bunlar baş verərsə, sülhün imzalanması da mümkün hala gələr".