Alman faşizmini cəzalandıran dünya birliyi erməni faşizminə də sərt münasibətini ortaya qoymalıdır
"Azərbaycanın suverenliyi və konstitusiya quruluşu tam bərpa olunmuş, ərazilərimizdə mövcud olan “boz” zona aradan qaldırılıb və separatizmə son qoyulub". Bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyib. Dövlət başçısı vurğulayıb ki, münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın 30 illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edir, insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır: "Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə yeksan edilmişdir". Ölkə rəhbəri qeyd edib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir: "Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir".
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyev sözügedən Forumun iştirakçılarına müraciətində ümumbəşəri aktual məsələlərə toxunmaqla yanaşı, Ermənistanın 30 illik hərbi təcavüzünün ağır fəsadlarının hələ də davam etdiyini və insanların həyatına, ətraf mühitə böyük təhlükələr yaratdığını da Forum iştirakçılarının diqqətinə çatdırıb:
"Dövlət başçısı Ermənistanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə və qəbul etdiyi qərarlara məhəl qoymayaraq Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxladığını, burada etnik təmizləmə həyata keçirərək 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salındığını diqqətə çatdırıb. Prezident qeyd edib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Dövlət başçısı beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfinin bu əməllərinə yönəldərək bəyan edib ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə Azərbaycan xalqından üzr istəməlidir. Bəli, bu cür ağır müharibə cinayətləri cəzasız qala bilməz. Dünya birliyi də Ermənistan tərəfinin ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımıza qarşı törətdiyi, deportasiya, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinə göz yummamalıdır. Alman faşizmini cəzalandıran dünya birliyi erməni faşizminə də sərt münasibətini ortaya qoymalıdır".
Ekspert bildirib ki, Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər etməklə erməni vandalizminə məruz qalmış yerləri öz gözləri ilə görəcək: "Eyni zamanda hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmaq imkanına malik olacaqlar. Forum iştirakçıları iqlim dəyişikliklərinin baş verməsində və ekoloji tarazlığın pozulmasında müharibələrin də mənfi təsirlərini əyani surətdə görə biləcəklər. Ermənistanın işğalçılıq siyasətinə həm də bu yöndən siyasi-hüquqi qiymət verilməlidir. Bu mənada, Prezidentin Ermənistanın ərazilərimizdə ekosid, urbisid və kultursid törətməsini diqqət mərkəzinə gətirməsi heç də təsadüfi deyil".