ABŞ İsrailin İrandakı qeyri-hərbi obyektləri raket-bomba zərbələrinə məruz qoymasına razı deyil
İran “Fələstin tam azad olanadək” fələstinlilər və müqavimət (proksi) qüvvələrini dəstəkləyəcək. Bunu İran Prezidenti Məsud Pezeşkian deyib: "Bunu Fələstin məsələsində öz məsuliyyətimiz hesab edirik və bu mövqedə qətiyyətlə dayanırıq". İran hakimiyyəti açıq şəkildə bəyan edib ki, İsrailin neft və qaz obyektlərinə potensial hücumları Tehran üçün qırmızı xətt olacaq. İsrail rəsmiləri amerikalı həmkarlarına İrana qarşı dərhal və ya genişmiqyaslı cavab tədbirləri görməyə ehtiyac hiss etmədiklərini bildiriblər. Həmçinin ABŞ və Avropa hələ də İsrailin İrandakı iqtisadi hədəfləri vura biləcəyindən ehtiyat edirlər. “Politico” yazıb ki, İsrail İranın raket hücumlarına cavab olaraq, Tehranın dəstəklədiyi təşkilatları vura, yaxud Suriya və ya Yəməndəki İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) birbaşa hədəfə ala bilər: "Co Baydenin köməkçiləri ABŞ-nin İranın hücumuna cavab vermək üçün İsraillə fəal şəkildə işlədiyini, bura hərbi hücum da daxil olduğunu bildirdilər. Digərləri arasında İranın dəstəklədiyi təşkilatlara, yaxud birbaşa Yəmən və ya Suriyada SEPAH qüvvələrinə qarşı zərbələr endirilməsi ehtimalı nəzərdən keçirilir". İran xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək: “Biz artıq başqa ölkələrin nümayəndələrinə bildirmişik ki, İsrailə hava məkanını açan istənilən ölkəni düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə bir icazə verməyəcək”. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailin müxtəlif bölgələrinə yüzlərlə raket hücumu həyata keçirib.
Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, İranın hücumu təkcə ciddi yox, həm də nisbətən uğurlu oldu. Lakin İsraildə tətbiq edilən ciddi hərbi senzuranı nəzərə alsaq, yaxın zamanda İsrail ordusuna və hərbi infrastrukturuna hansı həqiqi ziyanın dəydiyini öyrənməyimiz çətin olacaq:
"Dəqiq bildiyimiz bir şey var. İsraildən fərqli olaraq, İran yaşayış binalarına, xəstəxanalara, məktəblərə və bazarlara hücum etmədi. Biz kartondan evlər kimi dağıdılmış binaları və küçələrdə qanlı əlində uşaqların qalıqlarını sıxan israillilərin izdihamını görmədik. Təl-Əvivin mərkəzində 40 metr dərinliyində bir krater yaranmadı. Qorxulu olsa da, ölkəmizin bir çox vətəndaşları və hətta bəzi ekspertlər üçün bütün bu dəhşətlərin olmaması İranın dəqiqliklə işlənmiş bir planın nümayişi yox, acizliyinin göstəricisi kimi qəbul edilir. İsrailin Qəzzadakı soyqırım xarakterli hərəkətlərinin hərbi və siyasi mənası nədədir? Bu hərəkətlər nə HƏMAS-ı məhv etdi, nə də girovları azad etdi. Sosial mediada çoxsaylı təsdiqlənmiş videolar göstərir ki, İranın buraxdığı bir çox raket hərbi obyektlərə dəydi. Bu, İranın İsraildə istənilən hədəfə çatmaq qabiliyyətinə malik olduğunu və ABŞ-nin də buna yardım etməyəcəyini göstərir. Burada iqtisadi aspekti də vurğulamaq lazımdır. İsrail köhnə və baha olmayan İran raketlərini vurmaq üçün çoxlu pul xərclədi. Başqa bir nəticə də budur ki, İran yüksək səviyyəli silahlara malikdir. O, bunu sanksiyalar altında onilliklər ərzində öz imkanları ilə etdi. İranın çox sayda raketi var və o, İsrailə necə zərbə vuracağını bilir və hazırdır".
Analitikə görə, ABŞ İsrailin İrandakı qeyri-hərbi obyektləri raket-bomba zərbələrinə məruz qoymasına razı deyil: "Səbəb Vaşinqtonun Tehrandakı klerikal mollakratiya rejiminə olan rəğbəti yox, çox böyük və ağır fəlakətin başlanmasına yol verməməyə çalışması, belə ssenaridən aşkar təşvişə düşməsidir. İsrail rəsmilərinin "İranın zərbələri nəticəsində heç bir ciddi xəsarət yoxdur" bəyanatları isə ironiya doğurur. Belədirsə, Nevatim aviabazasının peyk fotoları niyə süni şəkildə "buludlanır", gerçək mənzərə gizlədilir?".
E.Alıoğlu düşünür ki, İsrailin şimalını təhlükədən çıxarmaq və oranın sakinlərinin öz evlərinə qayıtmasını təmin etmək üçün İsrail təkcə Livan tərəfindən atəşkəsi dayandırmamalı, həm də onun yenidən başlamayacağına zəmanət almalıdır: "Bunun üçün İsrail ordusu "Hizbullah"ı bir neçə kilometr genişliyində olan sərhəd zonasından çıxarmalıdır. Çünki bu ərazilərdən döyüşçülər minaatanlardan, tank əleyhinə raket komplekslərindən və qısa mənzilli “Burkan” tipli raketlərdən İsrailə hücum edə bilərlər. Beləliklə, Livan-İsrail sərhədi boyunca təhlükəsizlik zonası yaradılmış olacaq. Başqa sözlə, İsrail qüvvələri "Hizbullah"ı 11 avqust 2006-cı il tarixli BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməyə məcbur etməlidir. Həmin qətnaməyə görə, Litani çayının cənubundakı sərhəd zonasından "Hizbullah"ın silahlı birləşmələri çıxarılmalıdır. Bundan əlavə, bu zonada təhlükəsizliyi Livan ordusu və BMT sülhməramlıları təmin etməlidirlər. Təkcə hava zərbələri ilə "Hizbullah"ı sərhəd zonasından çıxarmaq mümkün olmadı, buna görə də Cənubi Livanda yerüstü əməliyyat qaçılmaz görünür. Bu əməliyyatın inkişaf edə biləcəyi bir ssenari "minimal plan" kimi xarakterizə edilə bilər. Bu halda əməliyyat məhdud və qısa olacaq. İsrailin manevr qüvvələri sərhəd zonasını və atəş açıla biləcək yüksəklikləri ələ keçirməli olacaqlar".