Gürcüstanda parlament seçkilərinə xarici müdaxilə alınmayacaq
Gürcüstanda parlament seçkiləri ilə əlaqədar ciddi gərginlik müşahidə olunur. Oktyabrın 26-da keçiriləcək parlament seçkisi yaxınlaşdıqca qonşu ölkədə siyasi mübarizə və qütblərarası toqquşmalar yaşanır. Mübarizə, əsasən, iqtidardakı “Gürcü Arzusu” partiyası ilə sabiq Prezident Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” arasında getsə də, kiçik partiyalar da koalisiyalarda birləşərək 5 faizlik baryeri keçməyə və parlamentə daxil olmağa çalışırlar. Parlament seçkilərinin nəticəsi vacib geosiyasi mövqeyə malik Gürcüstanın daxili işi olsa da, müəyyən xarici dairələr bunu özünün regiondakı dayaqlarının qorunub saxlanması baxımından həlledici hesab edirlər.
Bu baxımdan qonşu ölkədə daxili çaxnaşma ilə yanaşı, xaricdən təzyiqlər, basqılar da artır. Xüsusən "agent haqqında" məlum qanundan sonra Qərbin "Gürcü Arzusu" hökumətinə münasibəti tamam dəyişib.
Qərb seçki ərəfəsində hakim “Gürcü Arzusunun” nüfuzuna zərər vurulması məqsədilə dövlətə və hökumətə sosial layihələrə, müdafiə imkanlarının gücləndirilməsinə yönəldilən maliyyə yardımını dayandırıb, əvəzində bu vəsaitləri qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinə yönəldilib. Bu təşkilatların mütləq əksəriyyəti isə hakimiyyət əleyhinə mübarizənin ön xəttində yer alanlardır. Gürcüstanın təhlükəsizlik orqanları artıq uzun müddətdir, Qərbdən maliyyələşən qruplardan bəzilərinin Tbilisidə iğtişaşlar planlaşdırdığını, hakimiyyəti zorakılıqla ələ keçirmək niyyətində olduğunu bəyan edir.
Qonşu ölkədəki siyasi durumu təhlil edən şərhçilər isə hazırda Gürcüstanda hakim partiyanın reytinqinin daha yüksək olduğunu güman edirlər. Qeyd edirlər ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın uzun müddətdir tətbiq etdiyi dövlət siyasəti olan “Balanslı siyasət”i yaxından izləyir və tədricən tətbiqinə çalışır. Gürcüstan cəmiyyətinin “Gürcü arzu”suna dəstəyi, rəğbəti həm də bununla bağlıdır. Praqmatik düşüncə, real siyasət, firavan, təhlükəsiz həyat – gürcülər bu sadalananları onlara verən hökumətə səs verəcək. Avantüra dalınca gedənləri isə boykot edəcək.
Politoloq İlyas Hüseynovun “Sherg.az”a açıqlamasına görə, Gürcüstanda keçiriləcək seçkilər həm Gürcüstan üçün, həm də bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün həyati əhəmiyyət daşıyır:
“Çünki bu dəfə Gürcüstan seçiciləri təkcə yeni hökumət seçməyəcək, həm də geosiyasi anlamda ölkənin Qərbə, yoxsa Rusiyaya doğru addımlamasına səs verəcək. Cənubi Qafqazda gedən ümumi geosiyasi proseslər fonunda bu seçkilərin bizim üçün də kifayət qədər maraqlı olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Ermənistan qərbmeyilli siyasət kursunu götürüb. Qərbmeyilli qüvvələr Gürcüstanda hakimiyyətə gələrsə, Cənubi Qafqazda Qərb İttifaqı formalaşa bilər. Ölkəmizlə eyni regionda yerləşən və bir sıra mühüm layihələrdə tərəfdaşımız olan Gürcüstanda baş verən hadisələr təbii ki, Azərbaycanda da diqqətlə izlənilir. Bundan əlavə, rəsmi Tbilisinin xarici siyasətinin hansı istiqamətdə həyata keçiriləcəyi Gürcüstanla strateji əməkdaşlığa malik Azərbaycan, həmçinin region üçün də önəmlidir. Ümumilikdə isə Azərbaycan, Gürcüstan və Türkiyənin təhlükəsizliklə bağlı, eyni zamanda, enerji və hərbi sahələri əhatə edən bir sıra formatlarda layihələri mövcuddur. Ona görə də Gürcüstandakı seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçməsi bütün region, o cümlədən Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. İki dövləti mühüm regional layihələr birləşdirir. Bu sırada Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. var. Azərbaycan-Gürcüstan dostluğu birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına töhfə verir. İki ölkənin bağlarını həm də Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər daha da möhkəmləndirir.
Əminik ki, Qərbdə bəzi dövlət və dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi onu daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək, gürcü xalqı düzgün seçim etməklə ölkəsinin daxili işlərinə müdaxiləyə, öz müstəqilliyinə, suverenliyinə xələl gətirilməsinə yol verməyəcək”.