Müstəmləkə siyasəti keçmiş tarixdən qalan təhlükəli mirasdır
Azərbaycan neokolonializm siyasətinə qarşı mübarizənin önündə getməklə qlobal təhlükəsizliyin təmin olunması istiqamətində ən ciddi fəallıq nümayiş etdirən ölkə olduğunu göstərir
Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı Fransanın neokolonial siyasətini də tənqid edib. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub. Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Prezident bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib: "Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər". Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövlət başçısı qeyd edib ki, artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır: "Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir". Qeyd edək ki, Bakıda keçirilən COP29 tədbirinin üçüncü günündə fransalı nazir iqlim danışıqlarından geri çəkilib. Fransanın ekologiya naziri Agnes Pannier-Runacher Azərbaycan Prezidentinin rəsmi Parisi müstəmləkə cinayətlərinə görə haqlı tənqid etməsindən sonra bu addımı atıb. Onu da vurğulayaq ki, COP29-da müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladıqları ərazilərdə təbiətə vurduqları ziyanın miqyasının müəyyənləşdirilməsi və törədilən ekoloji cinayətlərə son qoyulması tələb edilib. Tədbirdə Fransa və Niderlandın müstəmləkə hakimiyyəti altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyyətdən ətraflı bəhs ediblər. Həmçinin müstəmləkə ərazilərində kolonialist güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarına, meşələrin qırılmasına, torpaqların çirklənməsinə, o cümlədən, Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının qalmasına və təsirə uğramış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsinə sərt etiraz bildirilib. Bundan başqa, Qvadelupada xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi zərərlər, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə olunub. Spikerlər dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializmlə əlaqələndirərək Fransa və Niderlanddan yerli xalqların tələblərini yerinə yetirməyi tələb ediblər.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev COP29 konfransı çərçivəsində təkcə ölkəmiz yox, bütün dünya üçün olduqca əhəmiyyətli məqamlara toxundu. Professor vurğulayıb ki, dövlət başçısı ayrı-ayrı məsələlərlə bağlı ölkəmizin mövqeyini, özünün strateji baxışlarını səsləndirdi:
"Prezidentin konseptual nitqi, səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan bütün mənalarda, istər sosial-iqtisadi, rifah məsələsində, istərsə də beynəlxalq problemlərdə, qlobal təhlükəsizliyin təmin olunmasında mövqeyini ortaya qoymaqda, təşəbbüslər göstərməkdədir. Qlobal təhlükəsizliyin ən vacib istiqamətlərindən biri də iqlim dəyişmələri ilə mübarizənin təşkil olunmasıdır ki, Azərbaycan da bunu həyata keçirir. Azərbaycan təşəbbüslərə və təsir imkanlarına malik bir dövlətdir. Bununla yanaşı, Azərbaycan ayrı-ayrı xalqların maraqlarının qorunması istiqamətində də təşəbbüslər irəli sürür. Konkret olaraq Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların yanında olduğunu bəyan edir, yeni kolonializmə qarşı mübarizədə öndə gedir, Bakı Platforması formalaşdırır və s. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan başqa xalqların müdafiəsində, onların maraqlarının qorunması istiqamətində əsas təşəbbüskar ölkələrdən biridir. Bildiyimiz kimi, Fransa hər zaman ölkəmizə qarşı aşkar qərəzli mövqe nümayiş etdirib. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrlərdə, öz torpaqlarımızı işğalçılardan təmizlədiyimiz ərəfədə və sonrakı mərhələdə dəfələrlə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürüb. Azərbaycan ərazisində keçmiş separatçı rejimə dəstək nümayiş etdirib. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan davranışlar edib, bəyanatlar səsləndirib. Fransa başqa coğrafiyalarda da tarixən xalqları istismara məruz qoyub, onların haqq-hüquqlarını tapdalayıb. Belə bir ölkənin başqa dövlətləri nədəsə ittiham etməyə mənəvi haqqı çatmır".
E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti reallıqları dilə gətirdi və bir daha beynəlxalq ictimaiyyətin gözü qarşısında Fransanın neokolonializm siyasətini ifşa etdi:
"Müstəmləkə siyasəti keçmiş tarixdən qalan olduqca təhlükəli mirasdır. Dünya xalqları Azərbaycanın təşəbbüslərinə qoşularaq elə ölkəmizin yaratdığı platformalar çərçivəsində neokolonializmə qarşı mübarizə aparmalıdırlar. Hesab edirəm ki, COP29 konfransı çərçivəsində təkcə iqlim dəyişmələri ilə mübarizə sahəsində deyil, eyni zamanda bəşəriyyəti narahat edən bir çox məsələlərlə bağlı ölkəmiz dünya dövlətlərinin imkanlarını səfərbər edə, uğurlu mexanizmlər formalaşdıra bilər. Ölkə Prezidenti də öz çıxışı ilə yeni neokolonializmə qarşı mübarizə istiqamətində təsirli bir çağırış etmiş oldu. Bundan sonra təhlükəli tendensiyalara yol vermək olmaz. Çünki bilirik ki, imperializm siyasətinin, kolonializm siyasətinin yeni vektorları meydana gəlməkdədir. Bu da bəşəriyyət üçün təhlükəlidir, arzuolunmazdır, ciddi təhdidlər deməkdir".
Politoloq təəssüflə qeyd edib ki, hazırda dünyada postneokolonializm sindromları da özünü göstərməkdədir:
"Ayrı-ayrı ölkələrdə rejim dəyişikliklərinə cəhdlər edilir. Yaxud, rejim dəyişikliklərinə nail olurlar. Bir sıra Qərb dairələri müxtəlif ölkələrdə özlərinə loyal siyasi rejimlərin formalaşmasında, idarə olunan rejimlərin olmasında maraqlıdırlar. Çünki bu yolla həmin ölkənin resurslarını imperializm təfəkküründən uzaqlaşa bilməyən dövlətlərin marginal maraqlarının təmin olunması istiqamətində yönləndirirlər. Belə olan halda təbii ki, həmin ölkələrdə yaşayan insanların hüquqları və təhlükəsizliyi ciddi sual altında olur. Azərbaycan neokolonializm siyasətinə qarşı mübarizənin önündə getməklə qlobal təhlükəsizliyin təmin olunması istiqamətində ən ciddi fəallıq nümayiş etdirən ölkə olduğunu göstərir. Azərbaycanın bugünkü beynəlxalq nüfuzu, təsir imkanları istismara, istibdada məruz qalan xalqların hüquqlarının qorunmasında, təhlükəsizliyinin təmin olunmasında təsirli olacaq. COP29 konfransı çərçivəsində ölkə Prezidentinin səsləndirdiyi çağırış xarakterli mövqeləri bunu aşkar şəkildə nümayiş etdirmiş oldu".