Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Ziyanın həcmi çox böyükdür
Ermənistan Azərbaycana vurulan 100 milyardlarla dollar ziyanı mütləq ödəməlidir
30 illik işğal dövründə Azərbaycana, ətraf mühitə, fauna və floraya miqyassız ölçüdə ziyan dəyib. Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirib, işğal altındakı ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar edilib, nəticədə ekoloji tarazlıq pozulub. Son 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb. Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücuma məruz qalıb. Laçın rayonunun Kamallı kəndi ərazisində 100 illik tarixə malik 30 hektara yaxın aqromeşə məhv edilib. İndi orada cəmi 1-2 ağac qalıb. Ağdam rayonunun ümumi meşə sahəsi təxminən 4743 hektar idisə, onun təxminən 26 faizi məhv edilib. Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Orada kollar, meşələr, ot örtüyü, bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ən acınacaqlı durum isə transsərhəd çaylarla bağlıdır. Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Həmin çaylar Ermənistan ərazisində çirkləndirilib. Bu proses indi də davam edir. Çaylarımız bu gün də təhlükəli tullantılarla - qurğuşun, arsen, sink, molibdenlə çirkləndirilir. Ağır metallarla çirklənmiş çaylarla birbaşa təmas insanda müxtəlif sağalmaz xəstəliklərə yol açır. Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 2020-ci ilin dekabrından transsərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su, 180 dib çöküntüsü nümunəsi götürülüb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Çay ağır metallarla çirkləndirilir. Ən narahatedicisi isə odur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə artıqdır. Mikrobioloji təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr demək olar eynidir. Ermənistanın transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib. Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb. Ermənistan öz iqtisadi maraqlarını üstün tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb. Ermənistan transərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur və bunu beynəlxalq konvensiyaları pozaraq həyata keçirir. Bununla yanaşı, ermənilər torpaqlarımıza təqribən piyada və texnika əleyhinə 1,5 milyondan çox mina basdırıblar. Mina xəritələri müxtəlif bəhanələrlə Azərbaycana verilməyib. Ermənistan ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tam əleyhinə çıxış edir. Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də deyib ki, Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur. O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib: "Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”. A.Hacızadə bildirib ki, Azərbaycan və Ermənistandan olan mütəxəssislərin iştirakı ilə transsərhəd çaylarla bağlı əməkdaşlıq barədə məlumat yoxdur: “Şübhəsiz ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələ ilə bağlı müəyyən səy göstərib. Ancaq Azərbaycanın əsas iddiası ondan ibarətdir ki, bu çaylar çirklənməməlidir. Çünki bu çaylardan axan sular sonda Xəzər dənizinə tökülür və onun, xüsusilə ərazi sularının çirklənməsinə səbəb olur".
Prezident İlham Əliyev 8 noyabr tarixində Zəfər Günündə xalqa müraciətində Ermənistanın törətdiyi müharibə cinayətlərinə xüsusi toxunmuşdu. Dövlət başçısı qeyd etmişdi ki, indi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb: "Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır". Ölkə rəhbəri diqqət çəkib ki, müharibə dövründə Ermənistan hərbi cinayətlər törədib, dinc şəhərlərimizi bombalayıb: "“İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi". Prezident qeyd edib ki, 30 il ərzində bütün şəhər və kəndlərimizi dağıdıblar, məscidlərimizi təhqir ediblər, söküblər, bütün o bölgəni minalayıblar: "Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda".
Ötən gün COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib. "Environmental Protection First" (EPF) Koalisiyasını həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur: "Yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermir və Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır”. Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb və xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir. “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov qeyd edib ki, xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib. Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmək tələb olunub.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, müharibədən sonra Azərbaycan rəhbərliyi Ermənistana sülh çağırışı ilə müraciət etdi və bölgədə sülh istədiyini bütün dünyaya nümayiş etdirdi. Ekspertin sözlərinə görə, bununla yanaşı, Azərbaycan dövləti beynəlxalq mütəxəssisləri dəvət edərək Ermənistanın Azərbaycana vurduğu ziyanı sənədləşdirməyə başladı və bunun əsasında beynəlxalq məhkəmələrə müraciət edəcəyini vurğuladı:
"Yəni bu proses sülh sazişi müraciəti ilə eyni vaxtda başladı. Çünki Azərbaycana ermənilər tərəfindən 100 milyardlarla dollar ziyan vurulub. Bunun üzərindən keçmək mümkün deyil. Çünki unudulan bu cür cinayətlər sonradan yenidən təkrar oluna bilər. Sülh sazişinin imzalanması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir və yaxın aylarda sazişin imzalanması mümkün ola bilər. Azərbaycan tərəfi bütün mübahisəli məsələləri əhatə edən sülh sazişini imzalamaq arzusundadır. İrəvanın təklif etdiyi yarımçıq sənədə əsasən müqavilə imzalamaq qəbuledilməzdir. İşğal olunmuş ərazilərimizə vurulan zərəri də Ermənistan tam ödəməlidir və ödəyəcək".
Analitikə görə, vurulan ziyan çox böyükdür və müxtəlif rəqəmlər səslənir:
"Ancaq bir şey aydındır ki, bir neçə 100 milyard dollardan söhbət gedir və bu ziyan mütləq ödənilməlidir. Ermənilər 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda salamat tikili qoymayıb. İşğalçılar bunun cavabını verməlidirlər. Təzminat məsələsinin sülh prosesi ilə paralel getməsi tamamilə qanunauyğunluqdur və məntiqlidir. Ümid edirəm, yaxın vaxtlarda hər ikisini yekunlaşdırmaq mümkün olacaq".