Ancaq onun qisası da elə özü kimi cılız və uğursuzdur
“İqlim sammitinə gəlməmək Azərbaycandan qisas almaq yox, Fransanın özünüifşası deməkdir”
"Makron kimi prezidentin Anyes Pannye-Runaşe kimi də naziri olar. İkisi də qatı ermənipərəstdir, ikisi də xaraktercə avantüristdir və ikisi də həddindən artıq iddialı, ambisiyalıdır".
Bu sözləri "Sherg.az"a araşdırmaçı-junalist, siyasi şərhçi Bəybala Mirzəyev deyib.
Ekspert bildirib ki, bizim məşhur “dostunu göstər, sənin kim olduğunu deyim” atalar məsəlimiz indi lap yerinə düşür:
"Makronun köhnə silahdaşlarından və veteran nazirlərindən biri sayılan Fransanın ekoloji keçid, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin COP29-a gəlməmək barədə qərarı da elə bu “ikili”nin birgə ağlının məhsuludur. Heç Anyes Pannye-Runaşenin özü də bu faktı gizlətmir. O, mediaya açıqlamasında deyib ki, bu qərarı Prezident Makronla məsləhətləşdikdən sonra verib. Ancaq burada ortaya belə bir sual çıxır. Bu necə ekologiya və iqlim naziridir ki, dünyanın (Azərbaycanın yox a, məhz dünyanın) ən böyük iqlim sammiti olan, BMT-nin patronajlıq etdiyi COP29-a gəlməkdən imtina edir? Axı onun təmsil etdiyi Fransa indiyə qədər özünü az qala dünyanın bir nömrəli iqlim lideri hesab edirdi. İqlim liderliyi hara, iqlim sammitindən imtina etmək hara? Bu narrativlər bir-birinə heç uyğun gəlmir axı. Sən demə, məsələ iqlimdə deyilmiş. Molla Nəsrəddin demişkən, dava yorğan davasıymış. Makronun və xanım Anyes Pannyenin COP29-a gəlməkdən imtina etmələri sırf siyasi motivlərdən qaynaqlanır. Beləliklə, onlar hətta iqlim məsələlərini də siyasiləşdirirlər".
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin Sammitində Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsi isə Makronu lap özündən çıxarıb:
"Ona görə də qərar verib ki, ekologiya nazirini COP29-a göndərməsin. Baxın, Makron bu qədər cılız adamdır, kinlidir, qisasçıdır.
Ancaq onun qisası da elə özü kimi cılız və uğursuzdur. İqlim sammitinə gəlməmək Azərbaycandan qisas almaq yox, Fransanın özünüifşası deməkdir. İqlim liderliyindən dəm vuran ölkənin qlobal iqlim sammitindən yayınması onun saxtakarlığını, riyakarlığını üzə çıxarır, onu ifşa edir. Bu arada Fransa özünü super dövlət kimi yox, incik uşaqlar kimi aparır. Çünki onun lideri natamamlıq kompleksindən əziyyət çəkir. Fransızlar belədirlər də. Onlara “siz müstəmləkəçisiniz” deyən kimi özlərindən çıxır və küsürlər".