Erməni kilsəsi də müzakirə mövzusu olacaq
“Cənubi Qafqazdakı geosiyasi proseslər ABŞ-Rusiya arasında münaqişə predmetidirsə, burada kilsə faktorundan da istifadə edilməsi ehtimalı danılmazdır"
Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Roma Papası Fransisk ilə görüşmək üçün Vatikanda səfərdədirlər. Paşinyan qısa işgüzar səfər üçün Vatikana getdiyini, bir gün sonra qayıdacağını deyib. "Annanın səfəri daha uzun sürəcək" deyən Paşinyan həyat yoldaşını Vatikanda qoyub qayıdacağını söyləyib. Xatırladaq ki, Ermənistanda hazırda siyasi durum kritik vəziyyətdədir. Paşinyanın tələbi ilə bir neçə yüksəkvəzifəli məmur istefa ərizələrini yazıb. Belə vəziyyətdə Paşinyanın Vatikana səfəri birmənalı qarşılanmayıb. Onu da xatırladaq ki, Paşinyanın hazırda erməni kilsəsi ilə münasibətləri heç də yaxşı deyil və açıq gərginlik hiss olunmaqdadır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Nikol Paşinyanın Vatikana səfərinin və Roma Papası ilə görüşünün erməni kilsəsi ilə əlaqəsi yoxdur. Ekspertin sözlərinə görə, Paşinyan Vatikanın hansı mənəvi-siyasi gücə malik olduğunu çox yaxşı bilir:
"Hesab edirəm ki, Paşinyan Azərbaycan təcrübəsindən istifadə etməyə cəhd edir. Rəsmi Bakı Vatikanla uğurlu əməkdaşlıq qurmağı bacarıb. İndiki halda Ermənistan rəhbərliyi xarici siyasətində dəyişiklik etməkdədir. Yəni İrəvan hökumətinin başçısı əvvəlki Koçaryan-Sarkisyan siyasətindən fərqli olaraq bir çox ölkələr və beynəlxalq dairələrlə münasibətləri nizama salmaq, yaxud inkişaf etdirmək üçün müəyyən addımlar atır. Ermənistanın həm Şərqi Avropa ölkələri - Macarıstan, Çexiya, o cümlədən Baltikyanı ölkələrlə əməkdaşlığa can atmasının da şahidi oluruq. Paşinyan Orta Asiya və Yaxın Şərq regionu ilə bağlı da bir sıra addımlar atmaqdadır. Paşinyandan sonra Ermənistanın xaricdəki diplomatik nümayəndələrinin sayında xeyli artım var".
Z.Məmmədova görə, Vatikan səfərində və Papa ilə görüşündə Paşinyanın mühüm məsələləri müzakirə edəcəyi şübhəsizdir: "Bu məsələlərdən biri Azərbaycan-Ermənistan arasında sülh prosesi, müqavilənin imzalanmasıdır. Paşinyan Cənubi Qafqazda erməni dövlətinin saxlanmasının vacibliyini, xristianlığı "ilk qəbul edən xalq" kimi ermənilərin Vatikan tərəfindən dəstəklənməsini xahiş edəcək. Sözsüz ki, erməni kilsəsi də müzakirə mövzusu olacaq. Cənubi Qafqazdakı geosiyasi proseslər ABŞ-Rusiya arasında münaqişə predmetidirsə, burada kilsə faktorundan da istifadə edilməsi ehtimalı danılmazdır".