İran rəsmisi Seyidrza Salehi inciməsin...

Azərbaycan xalqı İran hakimiyyətinin saxta "müsbət zəmin"lərinə inanmır



  İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri bildirib ki, Bakıya səfəri zamanı Azərbaycanın baş naziri və turizm naziri ilə görüşlər keçirib. Əmiri görüş çərçivəsində əməkdaşlıq və münasibətlərin normallaşdırılması üçün müsbət zəmin hazırlandığını deyib. Nazir vurğulayıb ki, Qafqazda Azərbaycan bizim ilk hədəfimizdir. Ancaq təəssüf ki, Azərbaycanın Tehrandakı səfirliyində baş verən insident səbəbindən iki ölkə arasındakı münasibətlərdə problem yaranıb: "İran hökumətinin səyləri bu əlaqələri yenidən qurmaq və iki ölkənin xalqları arasında münasibətləri bərpa etməkdir. Quru sərhədlərdə, xüsusilə də Naxçıvanla sərhəddə, eləcə də azərbaycanlı turistlərin Məşhəd, Təbriz şəhərlərinə səfəri üçün hava zonasında müxtəlif məsələlərlə bağlı razılaşmalar əldə olunub". İranlı nazir Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətini bərpa etməsinə toxunaraq, yaxın vaxtlarda İran səfirinin də Bakıya göndəriləcəyini qeyd edib: “İki qardaş, dost və müsəlman xalq olan Azərbaycanla İranın münasibətləri normallaşmalıdır”.

  Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, İran rəsmisinin münasibətlərin normallaşması üçün "müsbət zəmin" anlayışının hansı zərurətdən yarandığı maraqlı məsələdir. Ekspert vurğulayıb ki, əvvəla, iki ölkə arasında "müsbət zəmin hansı səbəbdən yoxdur" sualı ortalığa çıxır:

"Azərbaycan və İran dost deyil, qardaş ölkələr olmalı idi. Amma İran rəsmisi hansısa normallaşmanın müsbət zəminlərindən danışır. İran hakimiyyəti iki ölkənin niyə indiki duruma gəldiyinin səbəbini, günahını özündə axtarmalıdır. Azərbaycan İrana nə edib ki, Tehran rejimi Azərbaycanı Ermənistanın ayağına verir, açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir? İran rəsmisi inciməsin, amma Azərbaycan xalqı İran hakimiyyətinin saxta "müsbət zəmin"lərinə inanmır. Rəsmi Bakı isə İrandakı azərbaycanlıların gələcəyi naminə Tehran hakimiyyətinin normallaşma mesajlarına müsbət reaksiya verir. İran hakimiyyəti Azərbaycana qarşı etdiyi hərəkətləri ciddi götür-qoy etməlidir. Normallaşma üçün müsbət zəmin anlayışını həqiqi və səmimi məcraya yönəltmək üzərində düşünməlidir".