
Sülh sazişinin 2 maddəsi üzrə razılaşma alınmır -Səbəblər
Ermənistan hökuməti öz siyasətində toplumla, qurumlarla, kilsə ilə yekdil qərara gəlməlidir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sülh prosesinin hansı mərhələdə olmasına aydınlıq gətirib. Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir və artıq 15 maddə razılaşdırılıb. Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir. Onun sözlərinə görə, sülh müqaviləsinin layihəsi 17 maddə və preambuladan ibarətdir: "Preambula və 15 maddə üzrə demək olar mətnlər tam razılaşdırılıb. 2 maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. İşlər davam edir". C.Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər: "Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə edilib”. XİN rəhbəri əlavə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”.
Prezidentin köməkçisi Hikmət Hacıyev də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb. H.Hikmət Hacıyevin sözlərinə görə, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır. Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb: “Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb”.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyi kifayət qədər aydındır və başadüşüləndir. Ekspertin sözlərinə görə, Ermənistan hökuməti öz siyasətində toplumla, qurumlarla, kilsə ilə yekdil qərara gəlməlidir:

"İrəvan hökuməti açıq şəkildə bəyan etməlidir ki, Azərbaycanla sülhün əldə olunmasında, normallaşmada maraqlıdır, yoxsa yenə şovinist siyasətinə davam edəcək? Bunun üçün sadəcə, Paşinyan və iqtidarının qərar verməsi yetməz, erməni cəmiyyətinin bu məsələdə konsensusa gələrək yekun nəticə ilə çıxış etməsi lazımdır. Ermənilərin imzalayacaqları sazişin də nə qədər keçərli olacağı şübhəlidir. Tarix boyu dəfələrlə görmüşük ki, ermənilər verdiyi sözlərə, imzaladıqları sənədlərə xilaf çıxıblar. Ona görə də Ermənistanda keçirilməsi zəruri olan konstitusiya dəyişikliyi həm də bu məsələlərə aydınlıq gətirəcək. Ermənistan xalqı sülhdən yanadırsa, referendum da öz sözünü deməlidir. Təbii ki, konstitusiyada yer alan Azərbaycana qarşı ərazi iddiaları da çıxarılmalıdır. Bunların baş verəcəyi təqdirdə Bakı-İrəvan arasında sülhün əldə olunması yönündə əngəl qalmaz".
T.Nüsrətoğlu vurğulayıb ki, digər mühüm məsələ Zəngəzur dəhlizi ilə bağlıdır:
"Zəngəzur dəhlizi mütləq mənada açılmalıdır, bunun başqa yolu yoxdur. Ancaq bilmirik ki, İrəvan hökuməti danışıqlarda dəhlizlə bağlı üzərinə öhdəlik götürüb, ya yox. Sülh mətnində maddələrin nədən ibarət olduğunu bilmədiyimiz üçün konkret fikir bəyan etmək çətindir. Həmçinin erməni tərəfi sülh sənədinin imzalanması ilə 30 il ərzində Azərbaycana vurduqları maddi-mənəvi ziyandan qaça biləcəyini düşünürsə, səhv edir. Bu məsələ də kənarda qalmamalıdır. Yəni sülh məsələsinə yanaşma konseptual olmalıdır. Ermənistan hökuməti sülhə hazır olduğunu bəyan etsə də, erməni cəmiyyəti İrəvanla eyni fikirdə deyil. Sabah Paşinyan iqtidardan getdikdən sonra sülh müqaviləsini rahatlıqla poza, "konstitusiyaya ziddir" deyərək kənara ata bilərlər. Belə bir ehtimal da var".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın haqlı tələbləri var: "Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönüşü təmin olunmalıdır. Məsələyə ötən gün dövlət başçısı da toxundu. Bu da önəmli məqamdır. Əgər bəhs etdiyimiz nüanslar öz həllini taparsa, təbii ki, Azərbaycanın da əsas qayəsi sülhün əldə olunmasıdır. Ancaq yenə deyirəm, razılaşdırılmayan 2 maddənin nədən ibarət olduğu, Ermənistanın öz üzərinə hansı öhdəlikləri götürdüyü barədə məlumata sahib deyilik".