Politoloqdan müjdə: 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq

Türkiyənin Suriyada böyük uğur əldə etməsi, regional güc olaraq imkanlarını genişləndirməsinin Cənubi Qafqaza sirayət edəcəyini düşünən erməni siyasətçi və ekspertlərinin “narahatlıqları” davam edir. Bütün şərhlərdə əsas diqqət mərkəzi Zəngəzur dəhlizinin açılmasıdır. Erməni politoloqlar hesab edir ki, Azərbaycanın qarşısında artıq bu məsələdə heç bir maneə qalmayıb.
Bu istiqamətdə daha bir şərh politoloq Sergey Melkonyandan gəlib. O da bildirib ki, Zəngəzur dəhlizini açmaq məqsədi ilə Azərbaycanın Ermənistana hücum ehtimalı getdikcə artır.
O, Azərbaycan Ordusunun İran qüvvələri ilə hərbi təlim keçirməsini belə bunun “sübutlar”ından biri kimi göstərib – halbuki erməni politoloqlar hər zaman Zəngəzur dəhlizinin açılmasında əsas maneənin Tehran olduğunu vurğulayırlar.
Melkonyanın fikrincə, Azərbaycan bu təlimi keçirməklə, İrana “ona qarşı heç bir hərəkəti olmadığını” göstərmək istəyib.
Geosiyasi vəziyyətə gəlincə, ekspert iddia edib ki, Rusiya və İranın regionda rolu azalıb, Türkiyənin isə artıb və bu, Azərbaycan üçün “tarixi imkanlar” açır.

Politoloq Elşad Həsənov "Sherg.az"a deyib ki, Suriyada qələbə çalan Suriya Milli Ordusunun rəhbəri Türkiyə ilə strateji əməkdaşlıq edəcəyini bəyan etdi:

"ABŞ bildirib ki, Suriyada baş verənlərin arxasında Türkiyə durur. Əslində Rəcəb Tayyib Ərdoğan da bunu inkar etmir. Çünki Türkiyə Suriyanın qonşuluğundadır və burada çoxlu türkmənlər yaşayır. Son illər Ərdoğanın apardığı siyasət Türkiyəni dünyanın lider ölkələrindən birinə çevirib. Prezident özü isə dünya siyasiləri arasında sayılan, seçilən və nüfuzlu dövlət başçısı kimi formalaşıb. Artıq bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da etiraf etdi. Həmçinin o bildirdi ki, Ərdoğan güclü siyasətçidir və qüvvətli ordu da yaradıb. Bunlar bir mesajdır. Buna görə də ermənilər narahat olurlar. Eyni zamanda İsrail İranın proksi qüvvələri olan HƏMAS-ı və Hizbullahı darmadağın etdi. Bu isə İranın uduzduğunu göstərir. Həmçinin İranın dəstək göstərdiyi qüvvələr də ƏSƏD rejimini qurtara bilmədilər və o, devrildi. Yəni İran burada da məğlubiyyətə uğradı. Artıq İran öz qınına çəkilib. Rəsmi Tehran əvvəllər dünya gücü kimi özünü göstərə bilirdi. Çünki buna gücü var idi. Bu gün isə İran artıq özünün müdafiəsini gücləndirmək haqqında fikirləşir. Ona görə ki, Trampın əsas hədəflərindən biri İran və onun nüvə silahı yaratmasının qarşısının alınmasıdır. Hətta Tramp açıq şəkildə elan edib ki, biz İrana buna imkan verməyəcəyik və onun nüvə obyektlərinə zərbə endirəcəyik. ABŞ-nin məqsədi də İranı bir ölkə kimi zəiflətmək və parçalamaqdır. Hətta yaxın gələcəkdə ABŞ və İsrailin İranı bombardman edəcəyi gözlənilir".

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmamasının qarşısında duran əngəl İran idi:
"İran həmişə deyir ki, bu bizim qırmızı xəttimizdir. Çünki molla rejimi Azərbaycanın qələbəsinə sevinmir. Onlar istəmir ki, Azərbaycanla Türkiyə birləşərək regionda söz sahibi olsun. Hətta Tehran hakimiyyəti 30 illik Azərbaycanın işğalı müddətində, 44 günlük müharibədə ermənilərə dəstək göstərdi və indi də buna davam edir. Bizim "din qardaşlarımız", İran İslam Respublikası adını daşıyan müsəlmanlar ermənilərin məscidlərimizdə donuz saxlamasına və buranı dağıtmasına göz yumdular. Digər tərəfdən indiki geosiyasi hadisələr və ölkəmizin strateji maraqları onu deməyə əsas verir ki, regionda Azərbaycanla Türkiyənin qarşısında duracaq ikinci bir qüvvə yoxdur. Zəngəzur dəhlizi İran və Ermənistan istəsə də, istəməsə də açılacaq. Çünki biz bunu diplomatik yollarla həll etməyə çalışırıq. 2020-ci il noyabrın 10-da üçtərəfli (Rusiya-Ermənistan-Azərbaycan arasındakı) bəyannamədə Paşinyanın imzası ilə təsdiqlənib ki, Zəngəzur dəhlizi açılacaq. Sonradan isə Nikol bildirdi ki, bu yolu təhlükəsizliyi təmin etmək üçün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə vermək istəmirik. Digər tərəfdən Bakı Azərbaycanı Naxçıvanla birləşdirən yolun açılması üçün İranla müqavilə bağladı. Bu yolun tikintisi bitmək üzrədir. Tikintiyə başladıqdan sonra Amerika rəsmiləri dedilər ki, Azərbaycan bu yolu Zəngəzur dəhlizindən açmalıdır. Çünki Ermənistan da bu kommunikasiyadan kənarda qalmasın. Ona görə də Ermənistan buna razı olduğunu dedi. Hətta Paşinyan son çıxışında bildirdi ki, Azərbaycanın yüklərinin maneəsiz keçməsi üçün müvafiq tədbirlər görəcək. Eyni zamanda dəhlizin Suriya ilə bağlılığı burada müharibənin bitməsi və Əsəd rejiminin devrilməsinin nəticəsi ilə bağlıdır. Ümumilikdə isə 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq".