"İran hakimiyyəti Suriya, HƏMAS və Hizbullah məğlubiyyətindən sonra özünə gəlməyə çalışır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan söyləyib.
O deyib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei çıxışlarında müqavimət hərəkatının davam etdiyini bildirib:
"Xamenei deyib ki, məhv olacaq yeganə dövlət İsraildir. Bu o deməkdir ki, Tehran rejimi İsrail və ABŞ-yə qarşı mübarizədən hələ imtina etməyib. Eləcə də İranın İnqilab Keşişləri Qvardiyasının komandanı Salami İsrailə zərbə vuracaqları ilə bağlı açıqlama verdi. Bu isə onu deməyə əsas verir ki, İran ənənəvi kursunu davam etdirir. Tehran hakimiyyəti bununla da göstərmək istəyir ki, nə HƏMAS, nə Hizbullah, nə də Bəşər Əsəd onların proksi qüvvələri olub. Həmçinin onların vasitəsi ilə regionda vəziyyət gərginləşdirilmir. Guya İran hakimiyyəti İsrailə qarşı təkbaşına da mübarizə aparmaq qüvvətindədir. İranda bundan sonrakı vəziyyət daha çox sosial tələblərin, iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlı olacaq. Çünki ölkədə milli valyuta qiymətdən düşür, sosial tələblər, inflyasiya günü-gündən artır. Hətta təqaüdlər, əməkhaqları ödənilmir və işsizlik çoxalır. Buna görə də İran hakimiyyətinin sonrakı vəziyyəti ağır ola bilər. Məsələn, bu yaxınlarda qəbul olunmuş "Hicab və İffət" qanununa yenidən baxılması məsləhət görülür. Tehran hakimiyyəti ictimaiyyətin etirazlarından ehtiyatlanaraq bu qanunda müəyyən islahatlar apara bilər".
Politoloqun fikrincə, İranda hakimiyyəti arxayın sala biləcək ürəkaçan hadisələr olmayacaq:
"ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp hakimiyyətdə olduğu dönəmdə də İrana qarşı sərt mövqeyi ilə seçilib. Yanvarın 20-dən sonra da Tramp ABŞ-nin xarici siyasətində İranla bağlı bu mövqeyini davam etdirəcək. Hələ ki İranda hakimiyyət dəyişikliyi ilə bağlı bir işarə yoxdur. Sadəcə olaraq, tərəflərin ehtimal etdiyi əsas məsələ Xameneinin yaşlı olmasıdır. Onlar hesab edirlər ki, buna görə fövqəladə halda vəziyyət dəyişə bilər. Ümumiyyətlə İranda hakimiyyət dəyişikliyi və islahat prosesinin aparılması ilə bağlı hər hansı addım atılmır".